...

Nazir: "Azərbaycan və Rusiyanın hüquq-mühafizə orqanlarının yüksək vəzifəli şəxsləri sərhəddə görüşəcək"

Siyasət Materials 21 Aprel 2007 12:53 (UTC +04:00)
Nazir: "Azərbaycan və Rusiyanın hüquq-mühafizə orqanlarının yüksək vəzifəli şəxsləri sərhəddə görüşəcək"

Rusiya,Moskva/müxbir Trend R.Ağayev/Mayın üçüncü dekadasında Azərbaycan-Rusiya sərhəddində Azərbaycan, Rusiya DİN-in yüksək vəzifəli şəxsləri və Dağıstanın hüquq-mühafizə orqanları nümayəndələrinin görüşü keçiriləcək. Bu barədə Moskvada RF-nin daxili işlər naziri Rəşid Nurqaliyevlə danışıqların yekununa həsr olunmuş mətbuat konfransında Azərbaycanın daxili işlər naziri Ramil Usubov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan və Rusiya tərəfi bu razılığa sərhədyanı zonada ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi, həmçinin transmilli cinayətkarlığa qarşı mübarizənin effektliyinə nail olmaq məqsədilə gəlib.

Usubov bildirib ki, onun dəvətilə keçən ilin dekabrında Rusiyanın DİN rəhbəri Azərbaycana səfər edib və tərəflər mütəşəkkil, əsasən də transmilli cinayətkarlığa qarşı mübarizədə qarşılıqlı münasibətlərin genişləndirilməsi barədə razılığa gəliblər. Moskvada keçirilən hazırkı görüşdə məhz bu məsələlər əsas müzakirə mövzusu olub və tərəflər ilk növbədə Rusiya və Azərbaycanın sərhədyanı rayonlarının hüquq-mühafizə orqanlarının qarşılıqlı münasibətlərinin intensifikasiyası barədə, həmçinin Azərbaycanın daxili işlər orqanlarının onların dağıstanlı həmkarları ilə qarşılıqlı münasibətləri barədə razılığa gəliblər. Belə ki, nazirin sözlərinə görə, buna böyük ehtiyac var. "Məlumdur ki, müxtəlif cinayətkar qruplaşmalar Azərbaycanın şimal sərhədyanı rayonlarında cinayət törədərək, Dağıstan Respublikasına qaçır və orada gizlənir, həmçinin əksinə, müxtəlif cinayətkar qruplaşmalar Dağıstanda cinayət törədərək Azərbaycanın şimal rayonlarında gizlənir" - deyə Usubov aydınlıq gətirib.

Bununla əlaqədar olraq nazir xatırladıb ki, Zaqatala-Balakən sərhədyanı rayonlarında 1998-2000-ci illərdə silahlı cinayətkar qruplaşmalar fəaliyyət göstərib və Rusiya hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq və birgə əməliyyatlar nəticəsində bu qruplaşmanın əksər üzvləri saxlanılmış, bəziləri polis orqanlarına müqavimət göstərdiklərinə görə məhv edilmişdir.

"Bu gün biz ikitərəfli əlaqələrin vacibliyini bir daha qeyd etdik və qərara gəldik ki, Dağıstan və Azərbaycan sərhədyanı polis orqanları daha da sıx əlaqə yaratsın" - deyə Azərbaycan DİN rəhbəri qeyd edib.

Nazir məlumat verib ki, danışıqların yekununa əsasən memorandum imzalanıb. Memorandumun əsas bəndlərindən biri iki ölkənin daxili işlər orqanlarının qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə birgə fəaliyyətinin davam etdirilməsi və bundan irəli gələn tapşırıqların yerinə yetirilməsi üçün birgə işin təşkil edilməsidir. Azərbaycan DİN-i Rusiyanın DİN-in 2007-ci ilin iyununda Sankt-Peterburqda qeyri-qanuni miqrasiyaya qarşı mübarizə məsələləri üzrə Şuranın növbədənkənar iclasının təşkil olunması barədə təklifini dəstəkləyib.

Azərbaycanın daxili işlər naziri hava və su məkanında, həmçinin dəmir yolu və avtomobil yollarında transmilli cinayətkar qruplaşmaların fəaliyyətinin müəyyən edilməsi və qarşısının alınması ilə bağlı fəaliyyət planının hazırlanması və qəbulu haqqında razılığın əldə olunması barədə məlumat verib.

Bundan başqa, nazir məlumat verib ki, ədalət məhkəməsindən gizlənən cinayətkarların axtarışı, həbsi və təslim edilməsi üçün Rusiya və Azərbaycan DİN-i arasında birgə fəaliyyət planının işlənib hazırlanması və reallaşdırılmsı qərara alınıb. Nazirin sözlərinə görə, bundan başqa terrorizm, narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə, narkotik vasitələr və silahların aşkarlanması və dövriyyə kanallarının aradan qaldırılması, əhalidə qeyri-qanuni saxlanılan odlu silahların yığılması üçün həyata keçiriləcək "Sərhəd" xüsusi birgə fəaliyyət planı hazırlanıb və razılaşdırılıb.

Usubov həmçinin məlumat verib ki, tərəflər terrorizm, transmilli cinayətkarlığa qarşı mübarizə, antiterror əməliyatların həyata keçirilməsi sahəsində təcrübə mübadiləsinin lazımlığı barədə qərara gəliblər. Bu məqsədlə nazirin bildirdiyi kimi, Rusiya Azərbaycan DİN-i arasında müxtəlif sahələrdə mütəxəssislərin qarşılıqlı mübadiləsi nəzərdən keçirilib: polis akademiyaları, milis məktəbləri və s. bazalarda təcrübə mübadiləsi xüsusi olaraq vurğulanıb. Nazir Rusiya tərəfi ilə aparılmış müzakirə və danışıqların dostluq və qarşılıqlı anlaşma atmosferində konstruktiv axında keçməsindən əmindir.

Xəbər lenti

Xəbər lenti