...

Azərbaycanın müxalifət partiyasının sədrliyinə namizəd müəyyən edilib

Siyasət Materials 24 Aprel 2007 13:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Demokrat Partiyası (ADP) sədrliyinə partiyanın qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin rəhbəri Sərdar Cəlaloğlunun namizədliyi irəli sürülüb. Bu barədə çərşənbə axşamı Bakıda ADP-nin qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Cəlaloğlu məlumat verib.

ADP İmişli və Astara rayon təşkilatlarının qurultaya hazırlıq çərçivəsində keçirilən konfranslarında sədrliyə Cəlaloğlunun namizədliyi irəli sürülüb.

"Hələlik sədrliyə alternativ namizədlər yoxdur." - deyə o bildirib.

Cəlaloğlu qeyd edib ki, qurultayda təşkilat sədrliyinə namizəd olacaq: "ADP-də beş-altı nəfər var ki, partiyanı idarə edə bilərlər. Lakin çox guman ki, onlar sədrliyə deyil, başqa seçkili orqanlara namizədliklərini verəcəklər."

ADP Ali Məclisinin qəbul etdiyi qərara əsasən, seçkili orqanlara namizədlər əvvəlcədən qeydiyyata alınmalıdırlar.

Qeyd edək ki, sağ mərkəzçi müxalifət partiyası olan ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən yaradılıb. 2000-ci ildən partiyaya Milli Məclisin keçmiş sədri, hazırda ABŞ-da mühacirətdə olan Rəsul Quliyev rəhbərlik edib. Bu ilin fevral ayında ADP-də parçalanma baş verib. Təşkilat Quliyev və Cəlaloğlunun tərəfdarlarından ibarət iki hissəyə bölünüb. Sonradan Quliyev ADP adından imtina edib. Ali Məclisin qərarı ilə partiya 2007-ci ilin yanvarında siyasi xəttində dəyişiklik edib və radikal müxalifətçilikdən imtina edərək hakimiyyətlə siyasi dialoqa getmək qərarına gəlib.

Xəbər lenti

Xəbər lenti