...

Azərbaycan prezidenti və xanımı Mstislav Rostropoviçin dəfn mərasimində iştirak ediblər

Siyasət Materials 30 Aprel 2007 11:02 (UTC +04:00)

Rusiya, Moskva /müx. Trend R.Ağayev / Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dünən Moskvada əslən Bakıdan olan dünya şöhrətli müsiqiçi, SSRİ xalq artisti Mstislav Rostropoviçin dəfn mərasimində iştrak ediblər. Xilaskar İsa Məbədində keçirilən mərasimə 5 min adam qatılıb. Azərbaycan prezidenti xanımı ilə birlikdə Rostropoviçin həyat yoldaşı Qalina Vişnevskaya və ailəsinin digər üzvlərinə, müsiqiçinin qohumlarına baş sağlığı veriblər. Prezident və xanımını Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu, Azərbaycan Prezidentinin İcra Aparatının şöbə müdiri Fatma Abullazadə, tanınmış bəstəkar Firəngiz Əlizadə və digərləri müşayət edib.

Sonra Azərbaycan prezidenti Əliyev Novodeviçye qəbiristanlığında Rostropoviçin torpağa tapşırılması mərasimində iştirak edib. Musiqiçini son mənzilə yola salmaq üçün qəbiristanlığa minlərlə insan gəlib. Onların arasında mərhumun qohumları və yaxınları, Boris Yeltsinin həyat yoldaşı Naina Yeltsina ilə qızları, Aleksandr Soljenitsının həyat yoldaşı, İspaniya kraliçası Sofiya, Moskva meri Yuri Lujkov və başqaları olub.

Rostropoviç Novodeviçye qəbiristanlığında mərkəzi xiyabanda İkinci Dünya Müharibəsinin tanınmış sərkərdələri Dovator, Panfilov, Qovorov və Rusiyanın birinci prezidenti Boris Yeltsinin məzarının yaxınlığında dəfn edilib.

Tanınmış violonçelist və dirijor, ictimai xadim, YUNESKO-nun xoşməramlı səfiri, dünyanın bir çox şəhərlərinin fəxri vətəndaşı olan Rostropoviç torpağa tapşırılandan sonra Azərbaycan prezidenti xanımı Əliyeva ilə Bakıya qayıdıblar.

Xəbər lenti

Xəbər lenti