...

Azərbaycan Milli İstiqlal Partiyasının lideri: "Siyasi partiyalar dövlət büdcəsindən maliyyələşməlidir"

Siyasət Materials 3 May 2007 13:16 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyasının lideri: "Siyasi partiyalar dövlət büdcəsindən maliyyələşməlidir"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədovun Trend ə eksklüziv musahib?si

- AMİP-in üzv olduğu Beynəlxalq Demokrat İttifaqının Xorvatiyada keçirilən toplantısında Cənubi Azərbaycandakı soydaşlarımızın vəziyyəti ilə bağlı qəbul edilən qərarın nə kimi təsiri olacaq?

- Toplantıda iştirakımın əsas məqsədi Cənubi Azərbaycandakı vəziyyətlə bağlı sənədin qəbul edilməsi idi. Bununla bağlı bizim verdiyimiz layihə memorandum şəkilində gündəliyə salındı. Qəbul olunan qərar layihəsi əsasında Beynəlxalq Demokrat İttifaqına üzv olan siyasi partiyalar təmsil etdikləri dövlətin parlamentində Cənubi Azərbaycandakı soydaşlarımızın vəziyyəti ilə bağlı məsələni müzakirəyə çıxaracaqlar. Eyni zamanda qərara alındı ki, həmin dövlətlər tərəfindən İrandakı soydaşlarımızın hüquqlarının bərpası, məhbusda olan azərbaycanlıların azadlığa çıxarılması üçün rəsmi Tehrana təzyiqlər edilsin.

- Cənubi Azərbaycan Təşkilatlarının Əlaqələndirmə Şurasını təsis etdiniz, lakin qurumun fəallığı hiss olunmur. Bu nə ilə bağlıdır?

- Təşkilati işlər görülməlidir. Biz təşkilatı təsis edəndə, cəmiyyətin çox hissəsinin, həmçinin hakimiyyətə yaxın qüvvələrin bu prosesə qoşulacağını düşünürdük. Lakin hələlik çətinlik çoxdur və təssüf edirəm ki, Cənubi Azərbaycan probleminin ümummilli məsələyə çevrilməsinə nail ola bilməmişik. Vətəndaşların düşüncəsində hələ bunun əhəmiyyəti kifayət qədər dərk olunmur.

- Qəribədir ki, qeyri-hökumət təşkilatları da bu məsələdə dəstək göstərmədilər...

- Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, hətta ermənilərin hüquqlarının müdafiəsi ilə bağlı səslərini çıxarırlar, ancaq Cənubi Azərbaycandakı soydaşlarımızın hüquqları ilə bağlı mövqelərini bildirmirlər. Bununla bağlı bir neçə dəfə iradımı bildirmişəm. Ancaq hələlik nəticəsi yoxdur. Bunun milli məsələyə çevrilməsi üçün bu, bir siyasi təşkilatın işi deyil. Bütün qüvvələr bu məsələdə birləşməlidir.

- Çoxdandır Azərbaycan siyasətindən kənarda dayanmısınız. Ölkə müxalifəti düşərgəsində baş verən proseslər kənardan necə müşahidə edilir?

- Azərbaycanda siyasi səhnənin özü yaxşı görünmür. Çünki baş verənlər normal inkişaf edən siyasi səhnə deyil. Normal siyasi cəmiyyətin, müxalifətin standartları başqa cür olmalıdır. Təəssüf ki, Azərbaycanın siyasi səhnəsi normallıqdan çox uzaqdır. Bu məsələdə məsuliyyət əsasən Azərbaycan hökumətinin üzərinə düşür. Hakimiyyət elə siyasi mühit yaratmalıdır ki, onun normal müxalifəti olsun. Çünki normal müxalifətlə rəqabət ölkənin inkişafına xidmət edir. Müxalifəti əzmək daim ona gətirib çıxarır ki, müxalifət gizli fəaliyyətə keçir. Müxalifət düşərgəsində boşluq yaranan kimi dünya praktikası göstərir ki, onların yerini radikal dini cərəyanlar tutur. Bu isə təhlükəli məqamdır.

- Sizin məntiqinizdən belə söyləmək olar ki, Azərbaycanda dini hakimiyyətin qurulması üçün təhlükəli qüvvələr formalaşıb?

- Azərbaycanda dini hakimiyyətin qurulması üçün mübarizə günü-gündən güclənir və təhlükəli dini qüvvələr formalaşıb.

- Müxalifətin zəifləməsinin kökündə nə durur?

- Siyasi partiyalar dövlət büdcəsindən maliyyələşməlidir. Bu, dünya praktikasında da mövcuddur. Çünki maliyyəsi olmayan partiya güclü fəaliyyət göstərə bilməz.

Xəbər lenti

Xəbər lenti