...

GUAM milli koordinatorları Azərbaycanın təşkilatdakı gələcək sədrliyinin strateji istiqamətlərini müəyyənləşdirəcək

Siyasət Materials 4 May 2007 12:27 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ "Demokratiya və iqtisadi inkişaf naminə təşkilat - GUAM"ın ekspertləri Milli Koordinatorlar Şurasının Bakıdakı iclasında müzakirəyə çıxarılacaq bütün sənədləri artıq hazırlayıblar. Bu barədə iclasın əvvəlində jurnalistlərə Ukrayna xarici işlər nazirinin müavini Andrey Vasilevski məlumat verib.

"İş üçün əsasımız var. Fikrimcə, nazirlərə deyə biləcəyik ki, Ukraynanın təşkilatdakı sədrliyini yaxşı tamamlayırıq və bu postu Azərbaycana təhvil verməyə hazırıq" - deyən diplomat bildirib ki, milli koordinatorların görüşündə əsas diqqət iyunun ortalarında Bakıda keçiriləcək GUAM dövlət başçılarının sammitinin hazırlığına yetiriləcək.

Milli koordinatorların toplantısının gündəliyinə həmçinin sammitdə qəbul olunması planlaşdırılan Bakı bəyannaməsi layihəsinin hazırlığı daxildir. "Bu, təkcə Ukraynanın təşkilatdakı sədrliyinin yekunlarını deyil, həmçinin Azərbaycanın GUAM-dakı sədrliyi dövründə həyata keçirəcəyi strateji perspektivi əhatə edəcək" - deyə Vasilevski bildirib.

Onun sözlərinə görə, GUAM dövlət başçılarının sammitində həmçinin iqtisadi xarakterli sənədlər müzakirəyə çıxarılacaq. Bunların arasında multimodal daşımalar, habelə nüvə sahəsindəki əməkdaşlığa dair sənədlər olacaq.

Diplomat bildirib ki, bu mərhələdə nüvə sahəsindəki əməkdaşlıq tranzitə, nüvə materiallarına və tullantılarına dair birgə yanaşmanı nəzərdə tutacaq.

GUAM milli koordinatorlarının ikigünlük iclası quruma üzv olan dövlətlərin (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilir.

Xəbər lenti

Xəbər lenti