...

ATƏT nümayəndəsi: "Azərbaycan tolerantlığı ilə unikaldır"

Siyasət Materials 14 May 2007 12:52 (UTC +04:00)
ATƏT nümayəndəsi: "Azərbaycan tolerantlığı ilə unikaldır"

Azərbaycan,Bakı/müxbir Trend E.Hüseynov/Azərbaycan unikal tolerantlığı ilə dünyada məşhurlaşır və "Qırmızı Qəsəbə" yəhudi kəndi buna parlaq nümunədir. Bu barədə ATƏT-in Bakı ofisinin rəhbərinin müavini Robin Sivord Azərbaycandakı xarici diplomatik korpusların Quba rayonunun "Qırmızı Qəsəbə" kəndinə (Bakıdan təxminən 173 km şimalda) səfərini şərh edərkən bəyan edib.

İsrailin Azərbaycandakı səfirliyinin təşkil etdiyi diplomatik missiyaya Fransa, Belarus, Ukrayna, Hindistan, İsveçrə, Moldova, Polşa, Almaniya, İtaliya, BMT, ATƏT və digər səfirlər daxil olub. Onlar 1 saylı orta ümumtəhsil məktəbinə, "Eşiva" kollecinə, sinaqoqa baş çəkib və yerli sakinlərlə söhbət aparıblar.

Sivordun sözlərinə görə, "Qırmızı Qəsəbə" yalnız Azərbaycan üçün deyil, həmçinin bütün dünya üçün unikaldır. "Bir kənddə bir neçə dil tədris olunur, bu çox yaxşı və cəlbedicidir" - deyə Azərbaycan, rus, ivrit, tat və ləzgi dillərinin tədris olunduğu "Qırmızı Qəsəbə"nin orta məktəblərində təhsil sistemi ilə tanış olduqdan sonra ATƏT nümayəndəsi bildirib.

Ukraynanın Azərbaycandakı səfiri Stepan Volkovetski jurnalistlərə bildirib ki, o, dəfələrlə Azərbaycanda əsrlərdən bəri bir çox millət və müxtəlif din nümayəndələrinin yaşadığı haqda eşidib. "Bu gün biz Azərbaycanda həqiqətən yalnız yerli Azərbaycan millətinin ənənələri deyil, həmçinin bu torpaqda kifayət qədər uzun müddət yaşayan xalqların ənənələrinə də hörmətlə yanaşıldığına əmin olduq. Belə bir nəticəyə gəldim ki, yəhudilərin məhz bu torpağı seçmələri təsadüfi deyil, çünki bu torpaq onlara onların təsəvvür etdikləri kimi inkişaf etmək və yaşamaq imkanı verib" - deyə səfir vurğulayıb.

Azərbaycanda yəhudi məskunlaşmalarının tarixi 2,5 min ildən çox təşkil edir. "Qırmızı Qəsəbə"də dağ yəhudiləri 280 ildir ki yaşayır. Bu regionda dağ yəhudilərinin maksimal sayı 1938-39-cu illərdə 15 minə bərabər idi. Hazırda "Qırmızı Qəsəbə" kəndində təxminən 4 min dağ yəhudisi yaşayır.

Xəbər lenti

Xəbər lenti