...

Yeni Azərbaycan Partiyası sədrinin müavini: "Neft kontraktının imzalanması prosesi zamanı baş verən biabırçılıqlar Xalq Cəbhəsi hakimiyyəti dövründə olub"

Siyasət Materials 16 May 2007 17:53 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası sədrinin müavini: "Neft kontraktının imzalanması prosesi zamanı baş verən biabırçılıqlar Xalq Cəbhəsi hakimiyyəti dövründə olub"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanın iqtidarda olan Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi Əli Əhmədov çərşənbə günü bəyan edib ki, ölkənin bəzi müxalifət qəzetlərində 90-cı illərin əvvəllərində neft kontraktlarının imzalanması prosesi ilə bağlı BP şirkətinin sabiq əməkdaşı Les Abrahamsın məqaləsinin çapı zamanı ciddi təhrifə və əlavələrə yol verilib. Əhmədov bildirib ki, bu məqalədən Azərbaycanın bəzi müxalifət qəzetləri "faydalanaraq" indiki Azərbaycan iqtidarına qarşı hücuma keçmək niyyətində olublar.

"Məqalənin orjinal variantı ilə qəzetlərdə çıxan məqalənin mətni arasında bir sıra ciddi fərqlər var və təhrif olunub. Məqalənin təhrif olunmasının əsas məqsədi 1992-1993-ci illərdə Azərbaycan Xalq Cəbhəsi (AXC) hakimiyyəti dövründə baş verən biabırçı olayların ondan sonrakı, yəni indiki hakimiyyətin dövrünə aid olduğu təəssüratını yaratmaqır" deyə Əhmədov deyib.

İqtidar təmsilçisi hesab edir ki, əgər BP-nin sabiq əməkdaşı olan Abrahamsın söylədiyi kimi neft kontraktının imzalanması üçün bu qədər çirkin əməllərə əl atılıbsa, demək, bu şəraiti AXC hakimiyyəti yaradıb. Çünki müqavilə ilə bağlı ilkin razılaşmanın 1992-ci ildə AXC hakimiyyəti dövründə olduğu məqalədə qeyd olunub.

"Məqalədə AXC hakimiyyətinə xas olan komendant saatı, küçələrdə silahlı insanların olması təsvir olunub ki, bu da hadisələrin məhz 1992-93 illərə aid olduğunu sübut edir. Məqalədə rüşvət verilməsi barədə konkret fikir olmadığı halda Azərbaycanın bəzi müxalifət qəzetləri məqalələrində guya ölkə məmurlarına rüşvət verilməsi faktını səsləndirib. Bununla müxalifət bir daha saxtakarlıq əsasında böhtan kampaniyasına başladığını sübut edir. Böhtan, saxtakarlıq bugünki müxalifətin iliyinə işləyib, mahiyyətini təşkil edir. Özlərinin etdiyi cinayət xarakterli əməlləri özlərindən sonra xalqın tələbi ilə formalaşan hakimiyyətin ayağına yazmaq istəyirlər" deyə Əhmədov əlavə edib.

Əhmədov hesab edir ki, Mətbuat Şurası bu məsələyə rəsmi mövqeyini bildirməli və Azərbaycan mətbuatında obyektivliyin, qərəzsizliyin əks olunmasına çalışmalıdır. Ayrı-ayrı şəxslərin şərəf və ləyaqətinə toxunan yazıların çapının qarşısını almalıdır.

Xəbər lenti

Xəbər lenti