...

"Azadlıq" bloku müxalifətin yeni Alyansına qoşulmayacaq"-blokun həmsədri Əli Əliyev

Siyasət Materials 23 May 2007 16:22 (UTC +04:00)
"Azadlıq" bloku müxalifətin yeni Alyansına qoşulmayacaq"-blokun həmsədri Əli Əliyev

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müxalifəti təmsil edən "Azadlıq" bloku Azərbaycan Demokrat Partiyasının (ADP) təşəbbüsü ilə yaradılacaq siyasi qüvvələrin məşvərət Alyansına qoşulmayacaq. Bu barədə "Azadlıq" blokunun həmtəsisçisi, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev açıqlama verib.

Qeyd edək ki, ADP funksioneri Sərdar Cəlaloğlu iri müxalifət partiyalarının birgə məşvərət qurumunun - yeni Alyansın yaradılması üçün bir neçə partiya ilə ilkin razılıq əldə olunduğunu bildirib.

"Azadlıq" blokunun Sədrlər Şurasının çərşənbə günü keçirilən iclasında sözügedən təşəbbüslə bağlı müzakirələr aparılıb. "Azadlıq" blokunun liderləri qərara alıblar ki, bu blok mövcud olduğu üçün başqa bir qurumda təmsilçiliyə ehtiyac yoxdur: "Bizim öz blokumuz var və bu formatda birlik bizi qane edir. Biz daha çox bloklar, qurumlar arası əməkdaşlığa üstünlük veririk. Ona görə də "Azadlıq" bloku yeni yaradılacaq Alyansda üzv kimi təmsil olunmayacaq. Əgər belə bir yeni qurum yaradılarsa, gələcəkdə onunla, həmçinin digər siyasi bloklarla əməkdaşlıq edə bilərik" - deyə Əliyev qeyd edib.

O, həmçinin bildirib ki, "Azadlıq" bloku Açıq Cəmiyyət Partiyası (ACP) tərəfindən hazırlanan siyasi partiyaların əməkdaşlıq Memorandumuna qoşulmağa qərar verib. ACP-nin təşkilatçılığı və siyasi partiyaların iştirakı ilə cümə keçiriləcək toplantıda "Azadlıq" blokunun liderləri Memoranduma imza atacaqlar.

Qeyd edək ki, "Azadlıq" blokunda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP, sədri Əli Kərimli), Liberal Partiyası (ALP, lideri Lalə Şövkət), Vətəndaş və İnkişaf Partiyası (VİP) təmsil olunur.

Xəbər lenti

Xəbər lenti