...

ADP qurultaya hazırlığı başa çatdırıb

Siyasət Materials 24 May 2007 13:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Demokrat Partiyası (ADP) mayın 27-də keçiriləcək qurultaya hazırlıq prosesini başa çatdırıb. Bu barədə cümə axşamı Bakıda ADP-nin doqquzuncu qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu məlumat verib.

Cəlaloğlu qeyd edib ki, qurultaya hazırlıq çərçivəsində partiyanın 60-dan artıq rayon və şəhər təşkilatında konfrans keçirilib və qurultaya 300-dən artıq nümayəndə seçilib.

O qeyd edib ki, qurultayın keçirilməsinə yer ayrılması üçün Bakı şəhər İcra Hakimiyyətinə ünvanladıqları müraciətə mənfi cavab alıblar. ADP-nin yerlə bağlı mədəniyyət və turzim naziri Əbülfəz Qarayev və Xəzər Dəniz Gəmiçliyinin rəisi Aydın Bəşirova ünvanladığı müraciətlərə isə cavab verilməyib: "Ona görə də qurultayı ADP-nin mərkəzi qərargahında keçirəcəyik. Bununla bağlı hazırlığı başa çatdırmışıq. Bizim əsas zalımız 300 nəfər tutur. Başqa bir zalda isə monitor quraşdıracağıq ki, iştirakçılar monitor vasitəsi ilə qurultayın gedişini izləyə bilsinlər".

Cəlaloğlunun sözlərinə görə, qurultayda ADP-nin yeni siyasi kursu təsdiq ediləcək, siyasi taktikası müəyyən olunacaq, partiyanın yeni rəhbər orqanları seçiləcək, qarşıdan gələn prezident seçkiləri, iqtidar-müxalifət, müxalifət daxili münasibətlərlə bağlı siyasi xətti müəyyənləşdiriləcək, eyni zamanda partiyanın Nizamnaməsində dəyişikliklər ediləcək.

Cəlaloğlunun sözlərinə görə, partiya sədri vəzifəsinə yalnız onun namizədliyi irəli sürülüb. Lakin qurultayda alternativ namizədlər də ola bilər.

Qeyd edək ki, müxalifəti təmsil edən sağ mərkəzçi ADP 1991-ci ildə Cəlaloğlu tərəfindən yaradılıb. 2000-ci ildən partiyaya Milli Məclisin keçmiş sədri, hazırda ABŞ-da mühacirətdə olan Rəsul Quliyev rəhbərlik edib. Bu ilin aprel ayında ADP-də parçalanma baş verib. ADP Quliyev və Cəlaloğlunun tərəfdarlarından ibarət iki hissəyə bölünüb. Sonradan Quliyev ADP adından imtina edib.

Xəbər lenti

Xəbər lenti