...

Azərbaycan İKT hüquq-mühafizə orqanları başçıları Şurasının yaradılması təklifi ilə çıxış edib

Siyasət Materials 29 May 2007 16:57 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ İslam Konfransı Təşkilatında (İKT) yeni struktur yaradılacaq. Söhbət hüquq-mühafizə orqanları rəhbərləri Şurasından gedir. Belə bir təşəbbüslə mayın 15-17-də İslamabadda İKT XİN başçıları Şurasının iclasında Azərbaycan tərəfi çıxış edib. Bu barədə məlumatı çərşənbə axşamı Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıxov verib.

İKT çərçivəsində artıq bir sıra şuralar fəaliyyət göstərir. Bu təsisatlar özündə qurum üzvlərinin bu və ya digər idarə başçılarını birləşdirir. Qeyd edək ki, İKT çərvivəsində XİN başçıları, təhsil, iqtisadiyyat, nəqliyyat və mədəniyyət nazirləri şurası fəaliyyət göstərir. "Yeni strukturun yaradılması İKT üzvlərinə transmilli və mütəşəkkil cinayətkarlıq, terrorçuluq və digər neqativ cərəyanlara qarşı mübarizəni gücləndirməyə imkan verəcək" - deyə Sadıxov qeyd edib.

Azərbaycan tərəfinin təklifi qurumun bütün üzvləri tərəfindən dəstəklənib və müvafiq ekspert qrupunun yaradılması ilə bağlı qərar qəbul olunub. Sadıxovun sözlərinə görə, sentyabrda ekspert qrupu Bakıda şuranın yaradılması ilə bağlı məsələləri müzakirə edəcək.

Məlumat üçün bildirək ki, İKT 1969-cu ildə Rabatda müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransı zamanı təsis olunub. İslam dünyasına aid olduğunu bəyan edən istənilən ölkə İKT üzvü ola bilər. Hazırda qurumda 57 üzv-dövlət var. 10 ölkə isə müşahidəçi qismində iştirak edir. Azərbaycan İKT-yə 1992-ci ildə qəbul olunub.

Xəbər lenti

Xəbər lenti