...

"Azadlıq" blokunun həmsədri: "Seçki Məcəlləsinə dair təkliflərimiz Strasburqda keçirilən görüşdə müzakirə ediləcək"

Siyasət Materials 30 May 2007 14:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Azadlıq" blokunun hazırladığı "Seçki Məcəlləsinə əlavə və dəyişikliklərə dair qanun layihəsi" Avropa Şurası Venesiya Komissiyası, ATƏT və Azərbaycan hökuməti nümayəndələrinin çərşənbə günü Strasburqda keçiriləcək görüşündə müzakirə ediləcək. Bu barədə blokun həmsədri Əli Əliyev çərşənbə günü açıqlama verib.

Strasburqdakı görüşdə Azərbaycan Seçki Məcəlləsinin təkmilləşdirilməsi məsələsi müzakirə ediləcək, müxtəlif təkliflər, variantlar gözdən keçiriləcək. Avropa Şurası Venesiya Komissiyasının nümayəndəsi Sergey Kuznetsov Trend ə bildirib ki, Seçki Məcəlləsinin Avropa stanadartlarına uyğunlaşdırılması Azərbaycanın Avropa Şurasına qəbul olarkən götürdüyü öhdəliklərdən biridir və 2008-ci il prezident seçkiləri öncəsi beynəlxalq təşkilatlar məcəllənin dəyişdirilməsi məsələsini gündəmə gətirəcəklər. Kuznetsovun sözlərinə görə, bugünkü görüşdə Seçki Məcəlləsinin bir hissəsinə - seçki komissiyalarının tərkibinin formalaşdırılması prinsiplərinə baxılacaq. Görüşdə Azərbaycan tərəfdən Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və digər rəsmi şəxslər iştirak edir.

"Azadlıq" bloku isə bir müddət əvvəl Seçki Məcəlləsinə əlavə və dəyişiklikləri nəzərdə tutan geniş sənəd hazırlayaraq beynəlxalq təşkilatlara təqdim edib. Həmin sənəddə blok seçki komissiyalarının paritet əsasda - son parlament seçkilərində namizədləri ölkə üzrə bütün səslərin bir faizindən çoxunu toplayan partiyalardan ibarət formalaşdırılmasını təklif edir. Əliyevin sözlərinə görə, təklif olunan bütün variantlarla müqayisədə ən optimal və ədalətli variant məhz budur: "Amma gələcəkdə başqa variantlara da üstünlük verilə bilər. Çünki seçki qanunvericiliyi tez-tez dəyişdirilən bir sənəddir. Bizim indiki təkliflərimiz Strasburqdakı görüşdə müzakirəyə çıxarılacaq. Təəssüf ki, dəvət gəlmədiyi üçün müxalifət təmsilçiləri həmin görüşdə iştirak etmirlər" - deyə Əliyev qeyd edib.

Qeyd edək ki, "Azadlıq" blokunda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.

Venesiya Komissiyasından daha öncə Trend ə verilən məlumata görə, payızda qurum Azərbaycanın Seçki Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı hesabat hazırlayacaq. Bundan əlavə, AŞ PA-nın yaz sessiyasında Azərbaycana Seçki Məcəlləsinin təkmilləşdirilməsi üzrə işləri 2008-ci ilin yanvarına qədər başa çatdırmaq tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti