...

Nazir müavini: "Yaxın zamanlarda Azərbaycan Gürcüstan və Rusiya ilə sərhədlərin delimitasiya və demarkasiyası üzrə danışıqlar aparacaq"

Siyasət Materials 31 May 2007 14:56 (UTC +04:00)
Nazir müavini: "Yaxın zamanlarda Azərbaycan Gürcüstan və Rusiya ilə sərhədlərin delimitasiya və demarkasiyası üzrə danışıqlar aparacaq"

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə Azərbaycan-Gürcüstan komissiyasının növbəti iclası iyunun sonu-iyulun əvvəlində keçiriləcək. Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib.

Onun sözlərinə görə, danışıqlarda mübahisə predmeti olan David Qareci monastırı yanındakı ərazinin delimitasiyası üzrə müzakirələr ekspertlər səviyyəsində davam etdirilir. Diplomat qeyd edib ki, müzakirələr üçün zəmin hazır olduqdan sonra komissiya bir araya gələcək. "Bu daimi prosesdir. O davam etdirilməlidir" - deyə nazir müavini vurğulayıb.

Xələfov onu da bildirib ki, iyulda Mahaçqalada Azərbaycan və Rusiya dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə Azərbaycan-Rusiya komissiyasının növbəti iclasının keçirilməsi planlaşdırılır. Onun sözlərinə görə, hazırda Rusiya ilə sərhədlərin 90 faizi razılaşdırılıb.

"Razılaşdırılmamış yalnız üç ərazi qalır. Onlarla bağlı danışıqlar davam etdirilir" - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti