...

Parlamentin komissiya sədri: "Ailə Məcəlləsinə çoxlu dəyişikliklər edilməlidir"

Siyasət Materials 1 İyun 2007 18:33 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/ Ailə Məcəlləsinə çoxlu sayda dəyişikliklər etməlidir. Bu barədə cümə günü Bakıda Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri, millət vəkili Hadı Rəcəbli məlumat verib. Onun sözlərinə görə, məcəllədə dəyişiklik edilməsi sosial sifarişdir. Komissiyanın təklifinə görə, nigaha daxil olanların tibbi arayış təqdim etməsi məcburi olmalıdır. "Nigaha daxil olanlar xəstə olarsa, onların dünyaya gətirdikləri uşaqlar da xəstə olacaq. Bunu yeni evlənənlər əvvəlcədən bilməlidirlər. Digər təklif iqtisadi, mülki əqdin bağlanması ilə bağlıdır. Bu məsələ mövcud qanunvericilikdə var, amma imperiativ norma deyil. Araşdırmalar göstərir ki, nigaha daxil olanların 15 faizi boşanır və onların hamısında bu problem yaranır. Ona görə də bu norma dəqiqləşdirilməlidir".

Gənc ailələrin sosial müdafiəsi ilə bağlı yeni qanun layihəsinin qəbul edilməsinə də ehtiyac olduğunu deyən komissiya sədrinin sözlərinə görə, ailə problemlərinin aradan qaldırılmasında bu qanun layihəsinin böyük əhəmiyyəti olacaq. "Ailə ilə bağlı qüvvədə olan Ailə Məcəlləsi çərçivə qanunudur. Ola bilsin ki, övladlığa götürülmə ilə bağlı ayrı qanun layihəsi hazırlansın. Gənc ailələrin sosial müdafiəsinə dair, uşaqlara alternativ qayğı ilə bağlı, demoqrafik təhlükəsizlik barədə yeni qanun layihəsi hazırlana bilər" - deyən komissiya sədrinin bildirdiyinə görə, hazırda müzakirə edilən layihələr anaların uşağa bir il müddətində qulluq edərək 100 faiz əmək haqqı ilə təmin edilməsi ilə bağlıdır. Birdəfəlik uşaq müavinətlərinin məbləğinin artırılması da nəzərdə tutula bilər. Həmçinin ünvanlı sosial yardımda zəruri ehtiyac meyarı yüksəldilə bilər. Zəruri ehtiyac meyarının minimum əmək haqqına çatdırılması daha çox ailəni əhatə edir. Rəcəblinin sözlərinə görə, bir sıra ölkələrdə artıq demoqrafik kataklizmlər yaranıb. Azərbaycanda isə əhalinin sayının artmasında ciddi problem müşahidə edilmir. Hesablamalara görə, hər il Azərbaycanda əhali artımı 85-100 minə yaxındır. Bu da 1,8 faiz demoqrafik artım deməkdir. Ölüm yaşı isə 68-dən 82,4-ə çatıb. "Əsas problem uşaq ölümünün, həmçinin orta yaşlarda insan ölümünün qarşısının alınmasıdır.

Komissiya sədri vurğulayıb ki, demoqrafik göstəricilərə əhalinin sosial vəziyyətinin yüksək səviyyəyə çatdırılması birbaşa təsir edir.

Xəbər lenti

Xəbər lenti