...

Milli Məclisin iclasında Azərbaycan mətbuatının vəziyyəti müzakirə olunub

Siyasət Materials 5 İyun 2007 17:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında Azərbaycan mətbuatının vəziyyəti müzakirə olunub. Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibi, millət vəkili Əli Əhmədov Azərbaycanda fəaliyyət göstərən bəzi kütləvi informasiya vasitələrinin ayrı-ayrı vətəndaşlara qarşı kütləvi terror vasitəsinə çevrildiyini bildirib. Əhmədov bunun qarşısını almaq üçün "KİV haqqında" qanuna dəyişiklik etmək təklifi ilə çıxış edib.

Deputat Fuad Muradov da bəzi qəzetlərin heç bir etik normaya əməl etmədiyini bildirib. Onun fikrincə, cəmiyyət belə qəzetləri istəmir.

Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn Azərbaycanın həbsdə olan jurnalistlərin sayına və jurnalistlərə qarşı törədilən cinayətlərin üstünün açılmamasına görə dünyada birinici yeri tuduğunu deyib. O, 12 jurnalistə qarşı törədilən hücum, basqın faktları ilə bağlı cinayət işi qaldırıldığını, amma cinayətlərin üstünün açılmadığını deyib: "Mən hörmətli Əli müəllimi və Fuad müəllimi təbrik etmək istəyirəm. "Azadlıq" və "Yeni Müsavat" qəzetlərinin baş redaktorlarına qarşı Yasamal Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iş qaldırılıb. Onları da həbs gözləyir".

Azərbaycanda mətbuat sahəsində vəziyyətin çox ağır olduğunu deyən deputat KİV qanunvericiliyinə dəyişikliklərə ehtiyac olmadığını bildirib. P.Hüseyn ölkənin mətbuat azadlığı ilə bağlı hesabatlarda biabırçı yerlər tutmasını YAP-ın yürütdüyü siyasətin nəticəsi kimi qiymətləndirib.

P.Hüseynə Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova cavab verib. O bildirib ki, jurnalistlərin həbs olunması onların öz problemidir. Muradova mövqeyini onunla əsaslandırıb ki, Azərbaycan qanunvericilyində böhtana, şərəf və ləyaqətin təhqir edilməsinə, dövlət sirrinin yayılmasına görə cinayət məsuliyyəti nəzərdə tutulub: "Neçə ki? bu məsələlər qanunda var, jurnalistlər öz fəaliyyətlərini bu qanunlara uyğunlaşdırmalıdılar. Bu, Milli Məclisin və ya qanunları icra edən hüquq-mühafizə orqanlarının problemi deyil. Bu, jurnalstlərin, həmin zümrənin öz problemidir. Qanun var və hamı öz fəaliyyətini qanuna uyğunlaşdırmalıdır".

Spikerin müavini əlavə edib ki, o, heç də bütün jurnalistlərin həbsini istəmir, sadəcə onların qanun çərçivəsində fəaliyyət göstərməsinə tərəfdardır. Muradova müxalifətçi deputata Milli Məclisdə ayrı-ayrı qəzetlərin lobbiçiliyi ilə məşğul olmamağı tövsiyə edib.

Xəbər lenti

Xəbər lenti