...

Sosinternin baş katibinin Bakıya səfərinin baş tutmamasının səbəbi aydınlaşıb

Siyasət Materials 27 İyun 2007 12:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Sosialist İnternasionalının baş katibi Luis Ayalanın iyunun 25-də Bakıya səfərinin baş tutmamasının səbəbi Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) Cenevrəyə gözlənilən səfəri ilə bağlı olub. Bu barədə ASDP-nin sədri Araz Əlizadə məlumat verib.

Sosinternin baş katibi Bakıya iyunun 25-də gəlməli, bir sıra rəsmi görüşlər keçirməli, sonda mətbuat konfransı keçirməli idi. Lakin Luis Ayalanın səfəri təxirə salınıb və növbəti aya təyin olunub.

Əlizadə bildirib ki, iyunun 29-da Sosinternin Cenevrədə "Dünyada həll olunmamış münaqişələr" mövzusunda beynəlxalq konfransı keçiriləcək. Həmin toplantıda Əlizadə də iştirak edəcək. Toplantıdan sonra Sosinternin baş katibi Ayala Əlizadə ilə birlikdə Bakıya gələcək: "Mən bu konfransda iştirak etmək üçün Cenevrəyə gedəcəyim üçün Luis Ayalanın Bakıya gəlməsi təxirə düşdü. Həmin beynəlxalq konfransdan sonra, iyulun 2-də biz birlikdə Bakıya gələcəyik"-deyə Əlizadə məlumat verib.

ASDP sol təmayüllü müxalifət partiyasıdır. Partiyanın lideri Azərbaycanın eks-prezidenti, hazırda mühacirətdə yaşayan Ayaz Mütəllibovdur. ASDP Sosialist İnternasionalında təmsil olunur.

Xəbər lenti

Xəbər lenti