...

Qənirə Paşayeva: "AŞPA mədəniyyətlər və dinlər arasında artan qarşıdurmanın aradan qaldırılması üçün tədbirlər görməyə çağırır"

Siyasət Materials 29 İyun 2007 17:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyası (AŞPA) nmədəniyyətlər və dinlər arasında günü-gündən artan qarşıdurmanın aradan qaldırılması üçün təcili tədbirlər görməyə çağırır. Bu barədə cümə günü Strasburqdan telefonla Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva məlumat verib.

Paşayeva qeyd edib ki, AŞPA-nın yay sessiyasının cümə günü keçirilən sonuncu iclasında qurumun Mədəniyyət, Elm və Təhsil Komitəsinin məruzəçisi Luis Mari de-Punktun hazırladığı "Dövlət, din, dünyəvilik və insan hüquqları" və eyni komitənin digər məruzəçisi, finlandiyalı deputat Finnika Foskaynerin "Dini həqarət və dini etiqadlarına görə insanlara qarşı nifrət tonlu çıxışlar" adlı məruzələri müzakirə olunub.

Onun sözlərinə görə, müzakirələr zamanı qeyd olunub ki, bir sıra Avropa ölkələrində antisemitizim güclənib: "Bu isə narahatlıq doğuran haldır. Çünki bu, Avropanın və dünyanın gələcəyi üçün yaxşı heç nə vəd etmir. Ona görə də Avropa Şurası mədəniyyətlərarası və dinlərarası dialoqun gücləndirilməsini vacib hesab edir".

Paşayeva vurğulayıb ki, sessiyada bu tendensiyaların mümkün mənfi nəticələri və ölkələrin mədəniyyətləarası və dinlərarası dialoqun genişləndirilməsi istiqamətində hansı addımların atılmalı olduğu müzakirə edilib. Qeyd olunub ki, bu işdə dövlətlə yanaşı qeyri-hökumət təşkilatları və KİV-in üzərinə də böyük iş düşür.

Millət vəkili bildirib ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri müzakirələrdə iştirak ediblər. Azərbaycanlı deputatlar bildiriblər ki, mədəniyyətlər və dinlərarası dialoqun genişləndirilməsində cəmiyyətlərin üzərinə böyük iş düşür.

"Biz qeyd etdik ki, Azərbaycanda mədəniyyətlər və dinlər arasında heç bir zaman münaqişə və qarşıdurma olmayıb. Azərbaycanda müxtəlif mədəniyyətlər və dinlərə mənsub insanlar yaşayır. Onlara bütün şərait yaradılıb və heç bir təzyiq yoxdur. Azərbaycanda olan müsbət vəziyyət və ölkənin bu məsələyə xüsusi diqqət ayırdığını sessiya iştirakçılarının nəzərinə çatdırdıq".

Sonda müzakirə olunan məruzələr üzrə iki qətnamə qəbul olunub. Qətnamədə belə bir halın yaranmasından narahatlıq ifadə olunur.

"Ksenifobiya, islamofobiya və antisemitizmin güclənməsi Avropa dəyərləri və insan hüquqlarına zərbədir. Bunun qarşısını almaq üçün ciddi addımlar atılmalıdır. Avropa Şurasına üzv ölkələrdə bu tendensiyanın artmasının qarşısı alınmalıdır", -deyə qatnamələrdə bildirilib. Sənəddə bu problemlə mübarizədə dövlətin, qeyri-hökumət təşkilatlarının və KİV-in görəcəyi işlərlə bağlı tövsüyələr var.

AŞPA jurnalistləri bu cür məsələlərlə bağlı yazılarında, reportajlarında və çıxışlarında diqqətli olmağa və bu cür mənfi tendnesiyaları aradan qaldırmağa çağırır. QHT-lər də bu istiqamətdə fəaliyyətlərini genişləndirməyə çağırılır və onların fəaliyyətinə ehtiyac olduğu vurğulanır.

Qurum cəmiyyətlərdə bu problemlə bağlı konfransların keçirilməsini, onun mənfi tərəfləri haqqında cəmiyyətə məlumat verilməsini vacib hesab edir.

Strasburqda AŞPA-nın yay sessiyası keçirilib. İyunun 25-də başlayan sessiya bu gün başa çatır. Sessiyada Azərbaycan nümayəndə heyəti də iştirak edir. Lakin iclaslarda Azərbaycanla bağlı məsələlər müzakirə olunmayıb.

Xəbər lenti

Xəbər lenti