...

Rusiya kosmik qüvvələr komandanlığının nümayəndəsi: Qəbələ RLS qüsursuz və hərbi cəhətdən hazırdır

Siyasət Materials 2 İyul 2007 18:41 (UTC +04:00)
Rusiya kosmik qüvvələr komandanlığının nümayəndəsi: Qəbələ RLS qüsursuz və hərbi cəhətdən hazırdır

Azərbaycan, Qəbələ/ Trend müxbir E.Hüseynov/ RF kosmik qüvvələr komandanlığının qərargah rəisinin birinci müavini general-mayor Aleksandr Yakuşinlə Azərbaycanın Qəbələ rayonunda yerləşən "Daryal" Radiolokasiya stansiyasının fəaliyyəti ilə bağlı müsahibə

- Qəbələ RLS-in fəaliyyəti ilə bağlı Azərbaycan-Rusiya razılaşmasının şərtlərıi necədir?

- "Daryal" RLS 1985-ci ildən hərbi fəaliyyətə başlayıb. Azərbaycan ərazisindəki bu obyektin fəaliyyəti "Daryal" Qəbələ radiolokasiya stansiyasının statusu və istifadə prinsipləri barədə Rusiya-Azərbaycan müqaviləsinə əsasən həyata keçirilir. Sənəd 2002-ci ildə Moskvada imzalanıb. 10 il müddətinə imzalanmış sazişə əsasən, əgər tərəflərdən biri altı ay öncədən müqavilənin başa çatması haqqında yazılı formada müraciət etməsə, müddət avtomatik olaraq üç il uzadılır.

2012-ci ilə qədər RF Azərbaycana 101 mln. dollar ödəməlidir. Ümumi məbləğin 70 mln. dolları stansiyanın icarəsi, 31 mln. dolları isə 1997-2001-ci illər üçün RLS-in istifadəsi üçündür. Ödəməni Rusiya tərəfi ildə iki dəfə yarım ilin sonuncu ayında bərabər formada ödəyir.

Sazişlə fəaliyyətin uzunmüddətli dayandırılması nəzərdə tutulmayıb.

Amma belə bir ehtiyac yaranarsa, məsələ dövlətlərin öz normativ-hüquqi bazasının tələblərinə uyğun olaraq həll olunmalıdır. Iki ölkə prezidentlərinin qərarına əsasən, bu müqavilənin yerinə yetirilməsi üçün Rusiya və Azərbaycanın səlahiyyətli nümayəndələri təyin olunub ki, onların da qarşısında qarşılıqlı fəaliyyətin təşkil olunması və ortaya çıxan məsələlərin tənzimlənməsi tapşırığı qoyulub.

Bu kompleksin hərbi qaydada istifadəsi, fəaliyyəti və şərtləri ilə bağlı bütün məsələlər, həmçinin sosial təminat məsələləri həll olunur.

- Ümumiyyətlə "Daryal" RLS nədir? Onun köməyi ilə hansı tapşırıqları yerinə yetirmək olar?

- Bu, bir-birindən təqribən 800 metr məsafədə yerləşən qəbul mərkəzi və ötürücü binalardan ibarət olan stasionar radiolokasiya stansiyasıdır. Binanın müstəvi səthinin 70 dərəcə maili bucağa malik divarları ötürmə və qəbul antenləri şəbəkəsini yaradır, ötürülən və qəbul edilən diaqramın istiqamətlərinin formalaşdırılmasını təmin edir. Stansiyanın tərkibinə 3 iri obyekt daxildir - ötürmə radiotexnikası, qəbul və enerji-mexaniki mərkəzlər. RF-nin raket hücumu haqda xəbərdarlıq sisteminə daxil olan stansiya müəyyən olunmuş zonada, kosmik məkanda fasiləsiz nəzarəti həyata keçirir. O, qurudan və dənizdən ballistik raketlərin buraxılmasının təyin olunması, hərəkət parametrlərinin müəyyənləşdirlməsi və hədəfi barədə məlumat verilməsi üçün nəzərdə tutulub. Stansiyanın nəzarət etdiyi məsafənin uzaqlığı altı min kilometr məsafə təşkil edir. Onun Ərəbistan dənizi, Hind okeanı, həmçinin yaxın və orta şərq ölkələrindən raket-nüvə vasitələrinin buraxılışına nəzarət etmək imkanları mövcuddur. Stansiyanın radiotexniki xarakteri bu ölkələrdən həmçinin fəal-taktiki raketlərin də buraxılışını müəyyən etməyə də imkan verir. Stansiyanın yüksək hərbi qabiliyyəti İran-İraq müharibəsi zamanı da təsdiq olunub. Bu müharibə zamanı 150-dən çox SKAD tipli fəal-taktiki raketlərin buraxılışı qeydə alınıb. 2007-ci ilin yanvarında isə stansiyanın avadanlıqları ilə İranın Həmədan poliqonundan "Şahab-3" fəal-taktiki raketinin sınaq buraxılışı qeydə alınıb. Stansiyanın texniki xarakteristikası isə istifadə şəraitinin dəyişməsindən asılı olaraq onun təkmilləşdirilməsinə imkan verir.

- Demək olarmı ki, heyət iş şəraitindən razıdır? Yerli əhali ilə problemlər yaranmayıb ki?

- Burda ümumiyyətlə kadr dəyişikliyi azdır. Bura gələn zabitlər, xüsusilə rus milliyətindən olanlar deyil, belə deyək, azərbaycanlılardısa da, Rusiya vətəndaşlarıdır və böyük məmnuniyyətlə xidmət edirlər. Bu, öz hərbi borclarını yerinə yetirən ən yaxşı hərbi xidmətlərdəndir.

Ümumiyyətlə, Qəbələ RLS-də xidmət etmək rus zabitlər üçün həvəsləndirici bir şeydir və müsabiqə əsasında aparılır. On illərdir ki, burda xidmət edən zabitlər var. Bundan başqa, Qəbələdə xidmət etməyin öz üstünlükləri var. Məsələn, bir il xidmət 1,5 ilə bərabər götürülür. Əmək haqqı rus hərbi qulluqçusunun orta maaşı - 800 dollardan iki dəfə çoxdur. RLS heyəti xüsusi gücləndirilmiş ərzaq proqramı ilə qidalanır.

Yerli əhali ilə isə bizim heç vaxt problemimiz olmayıb. Bundan başqa, müəyyən məsələlərin həllində göstərdiyi köməyə görə Qəbələ rayon administrasiyasının rəhbərliyinə minnətdarıq.

- Başqa dövlətin ərazisində, həmçinin maliyyə nöqteyi-nəzərindən bu cür bazanın saxlanılması nə qədər çətindir?

- Bu ucuz deyil. 2002-ci ildə müqavilə ilə icarəyə götürülmüş daşınar və daşınmaz əmlak və 2002-ci ildən sonra bura gətirilmiş və Rusiyanın mülkiyyəti olan maddi əmlak, əlbəttə ki, ucuz başa gəlmir. Ilk növbədə, bu, xidməti heyətin fəaliyyət qabilyyətinin saxlanılması üçün nəzərdə tutulan maliyyələşdirməyə uyğun olaraq Müdafiə Nazirliyinin müvafiq proqramı çərçivəsində müəyyənləşdirirlir.

Bunlar xeyli sayda problemlərdir - tibbi, ərzaq təminatı, heyətin əmək haqqı və s. Ümumilikdə isə bunlar, əlbəttə, çox ciddi pul vəsaitləridir. Amma bizim planlarımızda, proqramlarımızda bu obyektin fəaliyyətinin təmin olunması, həmçinin heyətin problemləri üzrə məsələlər də nəzərdə tutulub. Bu günə isə bizim problemimiz yoxdur.

- Stansiyanın fəaliyyət göstərməsinə tələbat nə qədərdir?

- Əlbəttə, stansiyaya lazımdır. Onun qarşısına ümumi raket hücumu haqda xəbərdarlıq sistemi sahəsinə müvafiq olaraq tapşırıqlar qoyulub. Stansiya müvafiq olaraq onları yerinə yetirir. Təbii, sirr deyil ki, hər bir dövlət özü üçün mühüm olan tapşırıqların öz ərazisindən necə həyata keçirilməsi haqqında düşünür. Amma hazırda bu stansiya kontur idarəetmədədir, o maliyyələşdirilir və qarşıya qoyulmuş tapşırıqları çox keyfiyyətlə yerinə yetirir.

- Bu stansiyanın alternativi mövcuddurmu?

- 2013-cü ilə qədər bu stansiya idarəetmə konturundan düşməyəcək. Ona görə ki, mövcud razılaşma həm Rusiya Federasiyası, həm də Azərbayacan Respublikası tərəfindən çox dəqiq işlənilib və əməl olunur. "Daryal" radiolokasiya stansiyasının statusu və istifadə olunma prinsipləri barədə razılaşmadan kənara çıxma, fors-major hallar nəzərdə tutulmayıb. Azərbaycan Respublikası tərəfindən stansiyanın statsusu, prinsipləri və şərtləri üzrə tam qarşılıqlı əlaqə müəyyənləşdirilib. Ona görə də fors-major hal meydana çıxarsa, bu, artıq müqavilə çərçivəsində deyil, Rusiyada, yaxud Azərbaycanda mövcud olan normativ-hüquqi baza əsasında həll olunur.

Təbii ki, bu, hər iki tərəf ola bilər. Amma bu, artıq 2002-ci ildə imzalanmış məhz bu müqavilədən kənara çıxan alqoritmdir.

Təkrar edirəm, yəqin ki, istənilən dövlət öz ərazisində xüsusi dövlət əhəmiyyətli tapşırıqları yerinə yetirən hərbi və silahlı texnikaya malik olmaq istəyir. Amma Qəbələ RLS haqqında hələ ki, söhbət getmir. Hazırda bu, Kosmik qüvvələri tam qane edir və raket hücümu haqda xəbərdarlıq sisteminin mühüm elementidir.

- Nəzərə alınsa ki, Qəbələ RLS 1985-ci ildən fəaliyyət göstərir, stansiya tərəfindən verilən məlumatlar bu günkü tələblərə və ABŞ-ın Çexiya və Polşa ərazisində quraşdırmaq istədiyi müasir RLS-lərdən alacağı informasiyanın əvəz olunmasına nə dərəcədə cavab verə bilər?

- Məsələ ondadır ki, mən bilmirəm, amerikanlara nə lazımdır. Mən bu stansiyanın imkanlarını, hansı tapşırıqları yerinə yetirə biləcəyini bilirəm. Məhz kosmik raketlərin izlənilməsi, radioelektron qurğu nöqteyi-nəzərindən stansiya istifadə oluna bilər. Hərbi-siyasi qərar qəbul olunacağı təqdirdə onun müyyənləşdirmə xarakteristikasını ən qısa müddətdə tənzimləmək olar.

Hazırda isə stansiya qüsursuzdur, hərbi cəhətdən hazırdır, Rusiyanın Müdafiə Nazirliyi tərəfindən qoyulmuş tapşırıqları keyfiyyətlə yerinə yetirir.

Xəbər lenti

Xəbər lenti