Azərbaycan, Bakı/ Trend müx.P.Əmircanov/Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva bazar ertəsi bədii gimnastika üzrə 23-cü Avropa çempionatında uğurla çixiş etmiş Azərbaycan idmançıları ilə görüşüb. Bu barədə Trend xəbər verir.
Belə bir möhtəşəm idman tədbirinin Bakıda keçirilməsinin Azərbaycan üçün əhəmiyyətini qeyd edən Mehriban Əliyeva komanda yarışlarında Azərbaycan yığmasının bürünc medala layiq görülməsinin, habelə şəxsi birincilikdə Aliyə Qarayevanın Avropa çempionu adı qazanmasının böyük uğur olduğunu deyib. Yarışın yüksək səviyyədə təşkilinə toxunan Əliyeva deyib ki, ölkəmizdə ilk dəfə təşkil olunan Avropa çempionatında 33 ölkədən 200-dən çox gimnast mübarizə aparıb. Sevindirici haldır ki, Azərbaycan komandası bu yarışda böyük uğurlar qazanıb. Mehriban Əliyeva idmançılarımıza yeni-yeni nailiyyətlər arzulayıb.