...

Prezident Aparatı rəsmisi: "Gələn il seçki ərəfəsində müxalifət istədiyi yerdə yox, imkan olan yerlərdə aksiyalar keçirə biləcək"

Siyasət Materials 26 İyul 2007 13:07 (UTC +04:00)
Prezident Aparatı rəsmisi: "Gələn il seçki ərəfəsində müxalifət istədiyi yerdə yox, imkan olan yerlərdə aksiyalar keçirə biləcək"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunla bağlı Azərbaycan hökuməti və beynəlxalq qurumların təklifləri müzakirə olunur. Bu barədə Prezident Aparatının İctimai-siyasi şöbə müdiri Əli Həsənov Trend ə məlumat verib.

Həsənov qeyd edib ki, Seçki Məcəlləsi və "Sərbəst toplaşmaq azadlığı haqqında" qanun hazırda Venesiya Komissiyası ilə Azərbaycan hökuməti arasında müzakirə obyektidir. Onun sözlərinə görə, hər iki qanunla bağlı bəzi yeni təkliflər var, lakin onların mahiyyəti açıqlanmır.

Qeyd edək ki, Azərbaycan müxalifətinin iqtidar qarşısında əsas tələblərindən biri Konstitusiya ilə təsbit olunan sərbəst toplaşmaq hüququnun təmin edilməsi, kütləvi aksiyaların keçirilməsinə şərait yaradılmasıdır.

Həsənov qeyd edib ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunla bağlı Azərbaycan hökuməti özü Avropa Şurasına müraciət edib. Bildirib ki, qanunun tətbiqində problemlər yaranır: "Bəzən ayrı-ayrı beynəlxalq təşkilatlar da bu qanunun tətbiqi zamanı problemlər çıxdığını bildirirlər. Ona görə də gəlib təkliflərini versinlər, əgər qanun pisdirsə, onu dəyişək. Yaxşıdırsa, tətbiqindəki mövcud problemləri aradan qaldırmaq üçün daha yaxşı təklifləri müzakirə edək. Əsas odur ki, biz insanların sərbəst toplaşmaq hüququna hörmətlə yanaşırıq və onun üçün hər cür şəraiti yaratmağa hazırıq" - deyə Həsənov qeyd edib.

Prezident Aparatı rəsmisi əlavə edib ki, bu şəraitin yaradılması sərbəst toplaşmaq istəməyən insanların hüquqlarının pozulması hesabına olmamalıdır. Bu işdə hər iki tərəfin hüququ qorunmalıdır.

Həsənov həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin özünün ayırdığı marşrutlar üzrə də bəzən aksiya keçirilməsinə icazə verməməsi barədə münasibətini açıqlayıb: "Şəhərimiz getdikcə genişlənir, yeni prospektlər, meydanlar açılır. Mən hesab edirəm ki, kütləvi tədbirlər üçün marşrut problemi olmayacaq".

Prezident Aparatının nümayəndəsi müxalifət partiyalarının gələn ilki prezident seçkiləri ərəfəsində istədikləri yerlərdə kütləvi aksiyalar, əhali ilə görüşlər keçirməsinə şərait yaradılıb-yaradılmayacağına da aydınlıq gətirib: "Gələn il seçki ərəfəsində siyasi partiyalar istədikləri yerdə yox, imkan olan yerlərdə aksiyalar keçirə biləcəklər".

Xəbər lenti

Xəbər lenti