...

İranlı hüquq müdafiəçisi: "İranlı tələbə Meysəm Lütfi saxlanılan Kəhrizək həbsxanasında işgəncələrdən 8 nəfər ölüb"

Siyasət Materials 10 Avqust 2007 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir D.Xatınoğlu/ İran üniversitetlərində iyulun 9-da keçirilən aksiyada iştirak edən və xəyanətdə suçlanaraq tutuqlanan tələbələr arasında azadlığa buraxılanlarla yanaşı, hələ də taleyindən bir xəbər olmayan məhbus tələbələr də var. "İran həbsxanalarında saxlanılan tələbələrin dəqiq siyahisi məlum deyil"- deyə İsveçrədə fəaliyyət göstərən hüquq müdafiəçisi dr.Zəhra Erfani bildirib.

Avqustun 2-də azadlığa buraxılan "Təhkim-vəhdət" tələbə təşkilatının fəalları 31 gün həbsdə saxlanıldıqdan sonra maliyyə vəsiqəsi zəmanəti ilə azadlığa buraxılıblar. Tutulan tələbə fəallardan birisi Müctəba Bəyat "İRNA" agentliyinə verdiyi müsahibədə həbsxana məmurlarının tələbələrə qarşı mehriban və ədalətli münasibət bəsləmələrini bildirib. "Əmir Kəbir" agentliyi isə həbsxanada Məcid Təvəkküli, Əhməd Qəssaban və Ehsan Mənsurinin qeyri-insani işgəncələrə, rühi-fiziki təzyiqlərə məruz qaldığını və hətta intihar etməyə cəhd göstərdiklərini bildirib.

Erfani Stokholmdan telefonla bildirib ki, tələbələr iyulun 9-da "Təhkim-vəhdət" təşkilatının ofisində dinc aksiya keçirərkən, kəşfiyyat orqanları əməkdaşları tərəfindən tutulublar, 31 gün həbsxanada dəhşətli işgəncələrdən sonra, insan hüquqları ilə bağlı İran rəsmilərinə yazdıqları məktublar və verdikləri bəyanatdan sonra azadlığa buraxılıblar. O əlavə edib: "Keçən ay İran rəsmiləri Cəfər Kiyaninin daşqalaq edilərək öldürülməsi qərarının dayandırılacağı barədə söz vermələrinə ramən, qərarın yenə icra olunması bizi edama məhkum olunmuş tələbə Meysəm Lütfinin taleyi barədə ciddi düşünməyə vadar edir".

"Cəfər Kiyani qanunsuz evlənməkdə ittiham olunaraq İranın Kərəc şəhərinin məhkəməsində daşqalaq cəzasına məhkum edilmiş və Takistanın Aqçaqala kəndində cəzası gizlicə icra olunmuşdur. İran rəsmiləri, xüsusilə ədliyyə naziri Şahrudi hökmə yenidən baxılması barədə qərar vermişdi. Kiyaninin həyat yoldaşı hazırda 4 yaşlı oğlu ilə Kərəc həbsxanasında saxlanılır, həbsxanadan kənar qalmış digər oğlunun isə 14 yaşı var. Kiyaninin cəzasının icrası zamanı hakim özü də iştirak edibmiş"- deyə Erfani bildirib. Hüquq müdafiəçisi daha sonra əlavə edib ki, siyasi məhbus Meysəm Lütfinin ümumi vəziyyəti barədə heç kimin xəbəri yoxdur: "Iki həftə bundan əvvəl Kəhrizək həbsxanasında anasına onu görməyə icazə veriblər. Meysəmin anasına dediklərinə əsasən, Kəhrizək həbsxanasında 8 nəfər vərəm, aclıq və işgəncədən ölüb". Erfani əlavə edib ki, İran həbsxanalarında saxlanılan digər tələbələrin nə siyahısından, nə də taleyindən bir məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti