...

İranlı hüquq müdafiəçisi: "Türkiyəyə sığınmış iranlı siyasi mühacir qadın Sima Tənabi İrana deportasiya edilərsə, ona edam hökmü kəsilə bilər"

Siyasət Materials 15 Avqust 2007 15:33 (UTC +04:00)
İranlı hüquq müdafiəçisi: "Türkiyəyə sığınmış iranlı siyasi mühacir qadın Sima Tənabi İrana deportasiya edilərsə, ona edam hökmü kəsilə bilər"

Azərbaycan, Bakı/ Trend , müxbir D.Xatınoğlu/ İranda geniş şəkildə edam cəzaları kəsildiyi ərəfədə, Türkiyəyə sığınmış iranlı siyasi mühacir qadın Sima Tənabinin İrana deportasiyası onun edam olunması ilə nəticələnə bilər. "Sima Tənabi İrana deportasiya olunsa, ona edam cəzasının kəsilməsi istisna olunmur" - deyə İsveçrədə fəaliyyət göstərən iranlı hüquq müdafiəçisi dr.Zəhra Erfani bildirib.

Bir həftə bundan əvvəl, iranlı siyasi mühacir qadın Tənabi iki yeniyetmə uşağı ilə 3 il Türkiyənin Van şəhərində şəraitsiz mühitdə saxlanılmasına etiraz olaraq Ankara şəhərində 4 gün BMT binası qarşısında aksiya keçirmiş, bu səbəbdən polis tərəfindən tutuqlanmış və hazırda Ankara həbsxanasında saxlanılır.

Tənabi çərşənbə günü Ankara həbsxanasından telefonla Trend ə bildirib: "Bir həftə bundan əvvəl xəstəlikdən qan təzyiqim endiyindən iki yeniyetmə uşağım məni götürüb Ankarada BMT binasının qarşısına aparıb. Həmin yerdə huşumu itirmişəm. BMT-nin binası qarşısında 24 saat koma vəziyyətində olduğum zaman bir nəfər də olsun həmin beynəlxalq təşkilatdan çıxıb mənə yardım göstərməyib. Ayılandan sonra uşaqlarım mənə bildirdilər ki, 24 saat ərzində onlar dəələrlə BMT-nin binasının qapısını döyüb yardım istəsələr də, heç kim yardım etməyib. Xəstə halda daha 4 gün orada qaldım, yenə komaya düşdüm. Ayılandan sonra polislər məni həbs etdilər və hazırda iki uşağımla Ankara həbsxanasında saxlanılıram. Türkiyə polisi məni İrana deportasiya edəcəyini bildirir".

Tənabi bildirib ki, 3 il ərzində dəfələrlə hüquq mühafizə xidmətlərinə, BMT-yə və digər təşkilatlara müraciət etməsinə rəğmən, heç bir yardım ala bilməyib. O əlavə edib:" İranda tam ali təhsil aldıqdan sonra Səbzvar şəhərində universitet müəllimi kimi çalışmağa başladım. Siyasi-ictimai fəaliyyətimə görə İran hakimiyyəti mənim özəl ofisimə müxtəlif zamanlarda 5 dəfə hücum edib, kobudcasına əmlakımı talayıb, sonunda isə ofisimi bağlayıblar. Dəfələrlə hədələrdən sonra Səbzvar özəl universitetindən qovuldum, iki yeniyetmə uşağımla 2004-cü ildə Türkiyəyə sığınmaq məcburiyyətində qaldım".

Çərşənbə günü İsveçrədən "Mütərəqqi qadın təşkilatı"nın sədri dr.Zəhra Erfani telefonla Trend ə bildirib ki, Tənabi universitet müəllimi olmasına rəmən, Türkiyədə də çox gərgin və dəhşətli şəraitdə saxlanılıb. Onun dediklərinə görə, Türkiyə hakimiyyəti Tənabini hələ 2006-cı ildə İrana deportasiya etmək istəyib, lakin beynəlxalq hüquq müdafiəçiləri təşkilatının etirazı ilə onun deportasiyası dayandırılıb. Erfani beynəlxalq hüquq müdafiəçilərinə müraciət edərək Ankara həbsxanasında saxlanılan iranlı siyasi mühacir qadınla maraqlanmalarını xahiş edib.

Xəbər lenti

Xəbər lenti