...

"Azadlıq" blokunun həmsədri: "Blok sentyabrda iki sənəd hazırlayaraq beynəlxalq təşkilatlara təqdim edəcək"

Siyasət Materials 17 Avqust 2007 13:04 (UTC +04:00)
"Azadlıq" blokunun həmsədri: "Blok sentyabrda iki sənəd hazırlayaraq beynəlxalq təşkilatlara təqdim edəcək"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müxalifətçi "Azadlıq" bloku sentyabr ayı üçün iki sənəd hazırlayaraq beynəlxalq təşkilatlara təqdim edəcək. Bu barədə cümə günü Trend ə blokun həmtəsisçisi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli məlumat verib.

Kərimlinin sözlərinə görə, sənədlərdən biri Azərbaycanda gələn il keçiriləcək prezident seçkilərinə bir il qalmış mövcud olan ictimai-siyasi vəziyyəti əks etdirəcək: "Həmin sənəddə Azərbaycanda demokratiyanın, insan hüquq və azadlıqlarının durumunun, seçkiöncəsi vəziyyətin təhlili veriləcək. Sənəd hazırlanandan sonra sentyabrda onun ictimai müzakirəsi keçiriləcək, həmçinin beynəlxalq təşkilatlara təqdim olunacaq" -deyə Kərimli qeyd edib.

"Azadlıq" blokunun hazırlayacağı digər sənəd Azərbaycanla Avropa Birliyi arasında imzalanmış "Avropa yeni qonşuluq siyasəti" proqramı ilə bağlıdır. Kərimlinin sözlərinə görə, "Azadlıq" bloku bu sahədə heç bir irəliləyiş olmamasından, konkret tədbirlər görülməməsindən narahatdır: "Azərbaycan hökuməti ilə Avropa Birliyi arasında imzalanmış sənəd konseptual proqramdır və konkret icraya yönəldilmir. Ona görə də "Azadlıq" bloku "Yeni qonşuluq siyasəti" proqramının reallaşması üçün görülməli olan tədbirlər barədə təkliflər paketi hazırlayacaq. Bu sənəd də sentyabrda Azərbaycan hökumətinə və Avropa Birliyinə təqdim olunacaq" - deyə blokun həmsədri məlumat verib.

"Azadlıq" blokunda üç müxalifət partiyası - AXCP, Azərbaycan Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti