...

İsrail baş nazirinin müavini: "Yəhudi lobbisi nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini müdafiə edir"

Siyasət Materials 17 Avqust 2007 15:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə /Yəhudi lobbisi nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Cümə günü Bakıda Milli Məclisin sədri Oqtay Əsədovla görüşən İsrail baş nazirinin müavini və strateji planlaşdırma naziri Aviqdor Liberman belə deyib.

Spiker Əsədov Azərbaycanın İsraillə siyasi, iqtisadi, elm, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın dərinləşməsinə böyük önəm verdiyini qeyd edib. Onun fikrincə, iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişaf perspektivləri genişdir.

Əsədov bildirib ki, Azərbaycanda heç zaman antisemitizm faktı mövcud olmayıb, hər zaman ölkəmizdə yəhudilər əmin-amanlıq şəraitində yaşayıblar. Hazırda Azərbaycanda 5 yəhudi Sinaqoqu var, yəhudi icması fəaliyyət göstərir. Spikerin fikrincə, Bakıda İsrail Mədəniyyət Mərkəzinin açılması Azərbaycan-İsrail əlaqələrinin inkişafına xidmət edəcək.

İsrail baş nazirinin müavini və strateji planlaşdırma naziri Liberman qeyd edib ki, onun ölkəsi Dağlıq Qarabağ münaqişəsi məsələsində nəinki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, həmçinin dünyanın hər yerində fəaliyyət göstərən yəhudi lobbisi nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyinə tərəfdar çıxır.

Xəbər lenti

Xəbər lenti