...

Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri azərbaycan dilində nəşr ediləcək

Siyasət Materials 24 Avqust 2007 20:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Müasir Azərbaycan oxucularının dünya ədəbiyyatına olan mənəvi tələbatını təmin etmək məqsədi ilə dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri Azərbaycan dilində latın qrafikası ilə nəşr olunacaq.

Azərbaycan prezidenti İlham Əliyevin cümə günü imzaladığı sərəncama əsasən Azərbaycan və dünya ədəbiyyatı nümayəndələrinin əsərlərindən ibarət 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası" nəfis tərtibatla nəşr ediləcək.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il 12 yanvar tarixli və "2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında" 2004-cü il 27 dekabr tarixli sərəncamlarına uyğun olaraq Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri kütləvi tirajla nəşr olunaraq ölkənin bütün kitabxana şəbəkəsinə hədiyyə edilmişdir. Lakin həmin kitabların satışının nəzərdə tutulmaması və kitab həvəskarlarının öz şəxsi kitabxanalarını latın qrafikasında nəfis şəkildə çap olunmuş ədəbiyyat nümunələri ilə zənginləşdirmək tələbatı onların ayrıca olaraq nəşri zərurətini meydana çıxarmışdır.

Beləliklə də, yeni imzalanan sərəncam bu kitabların artıq satışa çıxarılmasını nəzərdə tutur.

Sərəncama uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti Mədəniyyət və Turizm Nazirliyinin, Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Yazıçılar Birliyinin tövsiyələrini nəzərə almaqla "Dünya ədəbiyyatı kitabxanası"nın nəşri ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının prezidentinə təqdim etməlidir.

Xəbər lenti

Xəbər lenti