Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) digər müxalif Vətəndaş və İnkişaf Partiyasını (VİP) hakimiyyətə işləməkdə suçlayıb. AMİP-in təbliğat və mətbuat katibi Əli Orucov şənbə günü açıqlamasında bildirib ki, VİP sədri Əli Əliyevin hakimiyyətlə işbirliyi olması öncədən bəlli idi.
"Əgər belə olmasaydı, VİP-i dövlət qeydiyyatına almazdılar" - deyə Orucov bildirib. AMİP təmsilçisi hesab edir ki, Əliyev hakimiyyət qarşısında müəyyən öhdəliklər götürüb və bu, özünü prezident seçkilərində göstərəcək.
VİP 2006-cı ildə təsis olunub. Həmin vaxta qədər bu partiyanın üzvləri AMİP-də təmsil olunublar. AMİP-də baş vermiş parçalanma nəticəsində Əli Əliyevin tərəfdarları öz qurultaylarını keçirərək VİP-i təsis ediblər.
VİP sədri Əliyev ona qarşı yönələn ittihamları absurd adlandırıb və heç AMİP-in sahibinə belə cavab vermək fikrində olmadığını deyib.
"AMİP adlı partiya siyasətdə yoxdur" - deyə Əliyev bildirib.
AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.