...

AŞPA-nın Monitorinq Komitəsində Azərbaycanla bağlı məsələ müzakirə olunacaq

Siyasət Materials 10 Sentyabr 2007 12:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə / Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin sentiyabrın 11-də Parisdə keçiriləcək iclasında AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri - böyük britaniyalı deputat Toni Lloyid və estoniyalı parlamentari Andres Herkelin Azərbaycana dair çıxışları dinləniləcək. Bu barədə bazar ertəsi Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Monitorinq Komtəsinin iclasında eyni zamanda Ukrayna, Moldova və Serbiyanın Avropa Şurası qarşısında götürdükləri öhdəliklərin yerinə yetirilməsi, dondurulmuş münaqişələrə dair dinləmələr, Çernoqoriya və Serbiyaya faktaraşdırıcı səfərlər və s. məsələlər ətrafında müzakirələr aparılacaq.

Hüquqi işlər və insan hüquqları Komitəsində Avropa Birliyinə daxil olma prosesində Avropa Insan Hüquqları Konvensiyasının rolu, həmin Konvensiyanın 14-cü protokolunun Rusiya tərəfindən ratifikasiyası,  Kosovanın gələcək statusu barədə və bir sıra digər məsələlər müzakirə olunacaq.

Siyasi işlər Komitəsinin gündəliyinə müşahidəçi statusunun əldə olunması barədə Qazaxıstan parlamentinin müraciəti, gizli səsvermənin keçirilməsinə dair Avropa Kodeksi, Kiprdə vəziyyət, Qurumla Şimali Afrika ölkələri arasında əməkdaşlıq, Assambleya üzvlərinin ikili mandatdan (milli və Avropa) istifadəsi və s. məsələlər daxil edilib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədr müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva AŞPA-nın Monitorinq, Siyasi işlər, Hüquqi işlər və insan hüquqları  komitələrinin iclaslarında iştirak etmək üçün bazar ertəsi Parisə yola düşüb. Millət vəkili hər üç komitənin iclaslarında iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti