...

Qobustan həbsxanasında bir qrup məhkum aclığa başlayıb

Cəmiyyət Materials 12 Sentyabr 2007 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Qobustan qapalı həbsxanasında bu gün 10 məhkum aclığa başlayıb. Bu barədə Trend ə məhkumların qohumları məlumat verib.

Məlumata görə, məhkumlar Avropa Parlamentinin Azərbaycanda səfərdə olan nümayəndələri ilə

görüş tələb edirlər. Aksiyaya digər məhkumların da qoşulacağı gözlənilir.

Valideynlər bildiriblər ki, Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Tomas Hammerberq Qobustan həbsxanasında olarkən, məhkumlara, onunla görüşə həbsxananın rəhbərliyi tərəfindən icazə verilməyib: "Rəis onları blokadaya salıb. Ömürlük azadlıqdan məhrum edilmiş məhkumlar cəzalarının 15 ilə endirilməsi ilə bağlı problemlərini Hammerberqə çatdırmaq istəyiblər. Lakin onlara görüş üçün icazə verilməyib. Kameraların suyu, işığı qəsdən kəsilib".

Valideynlər məhkumların dövlət , beynəlxalq və qeyri-hökumət təşkilatlarına, ailələrinə ünvanladıqları məktubların həbsxanadan çıxarılmasına icazə verilmədiyini iddia edirlər: "Ailələrindən onlara gedən məktublar da onlara çatdırılmır. Hətta məxfi məktublar belə, həbsxana rəhbərliyi tərəfindən açılır".

Qobustan həbsxanasında ölüm cəzası ömürlüklə əvəzlənmiş 84 məhkum cəza çəkir. Ölüm cəzasının ləğvindən sonra belə məhkumların sayı 128 nəfər olub.

Məhkumlar hesab edirlər ki, Azərbaycanda ölüm cəzasının ləğvindən sonra cəzaları ömürlüklə deyil, o zaman Cinayət Məcəlləsində ən ağır cəza olan 15 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməlidir.

İnsan Haqları üzrə Avropa Məhkəməsinin Əlikram Hümbətovun şikayəti ilə

bağlı qərarında qeyd olunub ki, ölümə məhkum olunmuşların cəzalarının ömürlüklə əvəzlənməsi Avropa Konvensiyasının müddəalarına uyğundur. Avropa Məhkəməsi burada bir neçə məqama diqqət yetirib. Qeyd olunub ki, ömürlük azadlıqdan məhrumetmə cəzası bütün hallarda ölüm cəzasından yüngüldür. O, ağır cəza kimi qəbul edilə bilməz.

Xəbər lenti

Xəbər lenti