...

"Təhsil haqqında" yeni qanun layihəsində radikal dəyişikliklər edilib

Cəmiyyət Materials 14 Sentyabr 2007 14:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə /Azərbaycanın "Təhsil haqqında" yeni qanun layihəsində radikal, lakin mütərəqqi dəyişikliklər edilib. Bu barədə cümə günü Bakıda Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri, millət vəkili Şəmsəddin Hacıyev məlumat verib.

"Mübahisə yaradan özəl təhsil, orta və ali təhsilin müddəti və formaları, ali təhsildən sonrakı təhsil, ödənişli təhsil, təhsil işçilərinin sosial müdəfiəsi və digər məsələlərlə bağlı razılığa gəlinib və layihənin son variantına daxil edilib" - deyə komissiya sədri bildirib.

Hazırda qüvvədə olan "Təhsil haqqında" qanun 1992-ci ildə qəbul olunub. Mütəxəssislər hesab edirlər ki, bu qanun müasir dövrün tələblərinə cavab vermir. Çünki qanunun qəbul olunmasından ötən müddətdə Azərbaycanda və dünyada bir sıra dəyişikliklər baş verib. Ona görə də yeni qanun qəbul olunmasına ehtiyac var. 1995-ci ildə Azərbaycanda keçirilən parlament seçkilərindən sonra yeni formalaşdırılan qanunverici orqan "Təhsil haqqında" yeni qanun layihəsini hazırlamağa başlayıb. Lakin son 12 ildə maraqlı tərəflər bu qanunla bağlı ortaq məxrəcə gələ bilməyiblər.

Hacıyev bildirib ki, qanun layihəsi Milli Məclisdə birinci oxunuşda müzakirə olunmağa hazırdır. Oktyabrın ilk günlərində qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti