...

Qobustan həbsxanasında aclıq edən məhkumlardan birinin səhhətində problem yaranıb

Cəmiyyət Materials 18 Sentyabr 2007 11:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Qobustan qapalı həbsxanasında aclıq edən məhkumlardan birinin səhhətində problem yaranıb. Məhkumların qohumları çərşənbə axşamı Trend ə bildirib ki, məhkum Aydın Rzayevin səhhəti ağırlaşıb. Məhkumlar onun həbsxananın tibb sanitar hissəsinə köçürülməsini tələb ediblər. Həbsxana rəisi Əlizadə Hüseynov tibb hissəsində yer olmadığını əsas gətirərək Rzayevi tibb hissəsinə köçürməkdən imtina edib. Məhkumun vəziyyəti ağır olsa da ona heç bir yardım göstərilmir.

Məhkumların yaxınları aclıq aksiyasına sonradan qoşulan məhkumların adlarını açıqlayıblar. Onlar ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş Şəfi Qurbanov, Azər Abışov, Baba Babayev, Nurağa Seyidov və Ceyhun Qəribovdur.

Məlumata görə, hazırda Qobustan həbsxanasında ölüm cəzası ömürlük azadlıqdan məhrum edilmiş 20 məhkum aclıq keçirir.

Aclığa başlayan ilk 15 məhkum aşağıdakılardır: Çingiz Paşayev, Bəxtiyar Cəfəov, Rauf Eyvazov, Şakir Rzaxanov, Səfa Poladov, Yalçın Rzayev, İldırım Orucov, İsmayıl Əliyev, Aydın Rzayev, Qurban Məmmədov, Arif Kazımov, Əli Məmmədov, Mahir İsmayılov, Rahib Məsimov və İlyas İsmayılov.

Məhkumlar hesab edir ki, Azərbaycanda ölüm cəzasının ləğvindən sonra cəzaları ömürlüklə deyil, o zaman Cinayət Məcəlləsində ən ağır cəza olan 15 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməlidir.

Penitensiar Xidmətdən Trend ə bildirilib ki, bu məlumat araşdırılacaq və əlavə məlumat veriləcək.

Qobustan həbsxanasında ölüm cəzası ömürlüklə əvəzlənmiş 84 məhkum cəza çəkir. Ölüm cəzasının ləğvindən sonra belə məhkumların sayı 128 nəfər olub.

İnsan Haqları üzrə Avropa Məhkəməsinin Əlikram Hümbətovun şikayəti ilə bağlı qərarında qeyd olunub ki, ölümə məhkum olunmuşların cəzalarının ömürlüklə əvəzlənməsi Avropa Konvensiyasının müddəalarına uyğundur. Avropa Məhkəməsi burada bir neçə məqama diqqət yetirib. Qeyd olunub ki, ömürlük azadlıqdan məhrumetmə cəzası bütün hallarda ölüm cəzasından yüngüldür. Bu, ağır cəza kimi qəbul edilə bilməz.

Xəbər lenti

Xəbər lenti