...

Yunan-roma güləşi üzrə Rusiya yığmasının baş məşqçisi: "Rövşən Bayramov – olimpiya medallarına əsas namizədlərdən biridir"

Cəmiyyət Materials 19 Sentyabr 2007 18:03 (UTC +04:00)
Yunan-roma güləşi üzrə Rusiya yığmasının baş məşqçisi: "Rövşən Bayramov – olimpiya medallarına əsas namizədlərdən biridir"

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Bu gün yunan-roma güləşçiləri Bakıda keçirilən dünya çempionatda çıxışlarını başa çatdıracaqlar. "Klassiklər" üçün yalnız 120 kiloqrama qədər çəki dərəcəsində qalibi müəyyən etmək qalıb. Bu çəki dərəcəsində qələbəyə əsas iddiaçı Rusiyadan olan olimpiya çempionu Xasan Baroyev hesab olunur. Həqiqətən də, bu ölkənin komandası yarışda kifayət qədər yaxşı çıxış edir. Komandanın aktivində artıq bir qızıl və bir bürünc medal var. Yetirmələrinin qarşıya qoyulan planı nə dərəcdə yerinə yetirməsi və yarışın təşkilatçılığı barədə Rusiya yığmasının baş məşqçisi Georgi Koruaşvilinin Trend ə eksklüziv müsahibəsi.

- Komanda medal və lisenziyaların qazanılmasına dair minimum-proqramı nə dərəcədə yerinə yetirib?

- Düzünü desəm, plana fikir vermirəm. Belə ki, yığmanın ümumi hesabda qalib olmasını istərdim. İlkin olaraq iki qızıl, iki gümüş və bir bürünc medal qazanmağı qarşımıza məqsəd qoymuşduq. Və mən fikirləşirəm ki, bu gün bizim lider və kapitanımız fəxri kürsünün ən yüksək pilləsinə qalxacaq. Eyni zamanda biz nəzərdə tutulandan bir medal az qazanmışıq ki, bunun da öz açıqlaması var. Axı çempionatın birinci günündə xalça üzərinə dərhal üç debütant çıxdı ki, onlardan da biri - Nazir Mankiyev ( 55 kq) bürünc medal qazandı. O, sadəcə olaraq əla güləşirdi, necə deyərlər, medalı yerli azarkeşlərin sevimlisi Rövşən Bayramovun əlindən oğurladı. Ümumiyyətlə, Bayramov güclü və perspektivli güləşçidir. Onun böyük gələcəyi var.

- Rusiya yığmasının favoritlərdən biri statusuna malik olmasına baxmayaraq, yarışın səviyyəsini nəzərə almaqla medallar qazanmaq şansı nə dərəcədə ağır idi?

- Bütün nüfuzlu yarışlarda medallar uğrunda mübarizə aparmaq asan olmur. Lakin Olimpiadada medal qazanmaq daha çətin olacaq. İndi dünya çempionatında mübarizə aparmağımıza baxmayaraq, xəyalən biz artıq Pekindəyik. Odur ki, biz müxtəlif turnirlərdə və görüşlərdə çıxış etməklə komandanın 2008-ci il Oyunlarına hazırlıq planı ilə əlaqədar düzəlişlər aparacağıq. Bizim əsaslı kollektivimiz var və biz uşaqlara inanırıq. Komanda nəzərəçarpacaq dərəcədə cavanlaşıb və debütantlar yaxın vaxtlarda özlərini toplamalıdırlar.

- Bəs Azərbaycan güləşçilərinin potensialını necə qiymətləndirirsiniz?

- Fərid Mansurov möhtəşəm mübarizə apardı və haqlı olaraq dünya çempionu titulunu qazandı. Odur ki, mən Azərbaycanın bütün idmansevərlərini bu qələbə münasibətilə təbrik edirəm. Lakin düzünü desəm, mənim üçün Bayramovun zəif çıxışı anlaşılmaz oldu. Ola bilsin ki, o, formada deyildi, lakin mən inanıram ki, Rövşən olimpiya medallarına əsas namizədlərdən biridir.

- Yeri gəlmişkən, bu tip nüfuzlu yarışlarda psixoloji hazırlığın rolu nə dərəcədə əhəmiyyətlidir?

- Bizim komandada daha uğurlu çıxış üçün məhz psixoloji hazırlıq çatışmadı. Müasir idmanda psixoloji hazırlıq uğur qazanmağın əsas amillərindən biridir. Odur ki, görünür biz sizinlə bir istiqamətdə işləməli olacağıq.

Xəbər lenti

Xəbər lenti