...

Lənkəranda Kollec rəhbəri müəllimələrə zorakılıq göstərməkdə ittiham olunur

Cəmiyyət Materials 21 Sentyabr 2007 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Lənkəran Humanitar Kollecinin bir qrup qadın müəllimi, həmin təhsil müəssisəsinin direktoru Cahangir İbrahimovu onlara seksual təzyiq göstərməkdə günahlandırırlar. Bu barədə cümə günü keçirilən mətbuat konfransında Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova və hüquq müdafiəçisi Leyla Yunus məlumat veriblər.

Əzizovanın sözlərinə görə, bu il iyulun 19-da Lənkəran Humanitar Kollecinin bir qrup müəlliməsi ona şifahi və yazılı şəkildə müraciət ediblər. Qadınlar müraciətlərində Kollecin direktoru tərəfindən seksual təzyiqlərə məruz qaldıqlarını iddia ediblər, bildiriblər ki, 70 yaşlı Cahangir İbrahimov kollecdə tələbə-müəllim münasibətlərində də seksual təzyiq ab-havası yaradıb. Nəticədə, bəzi müəllimlər kolleci tərk edib, bəziləri isə, səbəbsiz olaraq, işdən azad ediliblər. Əzizovanın dediyinə görə, bu müraciətlə bağlı Krizis Mərkəzi araşdırma aparıb və deyilənlər təsdiqlənib. Faktla bağlı, Mərkəz Təhsil Nazirliyinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Ombudsman Aparatına müraciətlər edib: "Lakin bu dövlət orqanlarının heç biri müraciətlərə reaksiya verməyib"-deyə Əzizova bildirib.

Lənkəran Humanitar Kollecinin direktoru özünə böhtan atıldığını, barəsində yalan məlumatlar yayıldığını iddia edərək, Mətanət Əzizovanı və bir sıra qəzetləri məhkəməyə verib. İbrahimovu məhkəmədə müdafiə edən vəkili İdris Əliyev bildirib ki, fakt araşdırılmadan direktoru ittiham etmək düzgün deyil. O, bildirib ki, Mətanət Əzizova və Leyla Yunus araşdırmalardan əvvəl cəmiyyətə belə açıqlamalar verməklə, məhkəməyə təsir göstərməyə çalışırlar.

Təhsil Nazirliyindən isə, bildirilib ki, Qadın Krizis Mərkəzinin müraciətinə baxılıb və nazirə təqdimat yazılıb. Nazirlik müraciəti Lənkəran Kollecinə göndərib.

Leyla Yunus bildirib ki, bu, təhsil sistemində ilk zorakılıq faktı deyil. O, iddia edib ki, bu il yanvarın 26-da Füzuli rayonunun Qayıdış qəsəbəsində 1 saylı orta məktəbin müəlliməsi İradə Quliyeva özünü yandırıb. Mərhumun ölümünə səbəb olmaqda günahlandırılan məktəb direktoru barəsində cinayət işi açılıb,lakin barəsində həbs qəti-imkan tədbiri seçilməyib. Yunus əlavə edib ki, fevralın 27-də Ağdamın Bənövşələr qəsəbəsində 20 yaşlı orta məktəb müəlliməsi Şəhla Qurbanova evində özünü asaraq, intihar edib.

Xəbər lenti

Xəbər lenti