Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Azərbaycanın rep ulduzu Elşad Xosenin (Əliyev) barəsindəki həbs qərarının dəyişdirilməsi ilə bağlı Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri daxili işlər naziri Ramil Usubova müraciət edib. Bu barədə bazar ertəsi Trend ə Komitənin sədri Elçin Behbudov məlumat verib.
Behbudov bildirib ki, o, Xosenin barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı və ya zaminliklə əvəzlənməsini xahiş edib.
Komitə sədri bildirib ki, Xose ağır ürək xəstəsidir. Daxili işlər nazirinə müraciətində onun xəstəliyinin, tanınmış reper olduğunun, cəmiyyət üçün təhlükəli olmadığının nəzərə alınması xahiş olunur.
Behbudov bəzi kütləvi informasiya vasitələrində Xosenin Yasamal rayon Polis İdarəsində işgəncələrə məruz qalması, kamera yoldaşı tərəfindən biçaqlanması barədə yayılan məlumatları təkzib edib. "Xose ilə görüşdə o özü bu məlumatları təkzib edib və ona işgəncə verilmədiyini bildirib" - deyə Behbudov bildirib.
Sentyabrın əvvəlində Yasamal RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Xose saxlanılıb və üzərindən narkotik maddə tapılıb.
Reper barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi açılıb və məhkəmənin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib. Xose Bayıldakı 1 saylı İstintaq Təcridxanasında saxlanılır.