Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ ABŞ hökuməti Azərbaycanda mətbuat nümayəndələrinə qarşı törədilən zorakılıq halları və təzyiqlərin hər birinin çox ciddi şəkildə tədqiq olunması, araşdırılması və cinayətkarların qanun qarşısında cavab vermələrinin təmin edilməsinə nail olunmasını istəyir. "ABŞ-ın media ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Biz hakimiyyət nümayəndələri tərəfindən mətbuat təmsilçilərinə qarşı zorakılıq və təzyiq hallarının törədilməsi, jurnalistlərin döyülməsi və öldürülməsini qəbuledilməz hal sayırıq" - deyə bazar ertəsi Bakıda Milli Məclisin payız sessiyasının açılış iclasında iştirak etdikdən sonra jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bildirib.
Sentyabrın 23-də müxalifət qəzeti olan "Yeni Müsavat"ın Naxçıvan MR üzrə müxbiri Həkimeldostu Mehtiyev həbs olunub, məhkəmənin qərarı ilə Mehtiyevə 15 gün həbs cəzası verilib. Lakin o, 4 gün sonra azadlığa buraxılıb. Eyni zamanda, AXCP-nın fəalı olan Mehtiyev azadlığa çıxdıqdan sonra bildirib ki, ona işgəncələr verilib. Mehtiyev polisə müqavimət göstərmək ittihamı ilə həbs olunmuşdu.
ABŞ səfiri bildirib ki, onlar hər hansı bir vətandaşın və ya jurnalistin döyülməsi, əsassız saxlanmasından narahat olurlar. Diplomat deyib ki, ABŞ səfirliyinin 2 əməkdaşı Naxçıvanda olub və məsələni araşdırıb. "Mən ümid etmək istərdim ki, sistem belə bir imkan yaradacaq ki, vətandaşlar qanunun aliliyinə nail olmaq və onlara qarşı törədilən təzyiqlərə qarşı müxtəlif vasitələrlə mübarizə aparmaqla öz haqlarını qoruya biləcəklər".
Hazırda Azərbaycanda 7 jurnalist həbsdədir.