...

Kür çayına Ermənistan tərəfindən ildə orta hesabla 350 mln. kubmetr çirklənmiş su axıdılır

Cəmiyyət Materials 2 Oktyabr 2007 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Kür çayı hövzəsinə Ermənistan ərazisindən ildə orta hesabla 350 mln. kubmetr, Gürcüstan ərazisindən isə ildə orta hesabla 330 mln. kubmetr çirklənmiş su axıdılır və bunun nəticəsində Kür çayının ağır metallar, fenollar, neft məhsulları və s. zərərli maddələrlə həddən artıq çirklənməsi müşahidə edilir, çərşənbə axşamı Trend ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib. Regionda ətraf mühitin mühafizəsi ilə bağlı problemlərin əsasını su ehtiyatları ilə bağlı problemlər təşkil edir. Azərbaycan Cənubi Qafqaz su tranzitinin aşağı axarında yerləşməklə ən çox çirkləndirici təsirə məruz qalır və çay axımının 70%-i sərhəd hüdudundan kənarda formalaşır. Çay axınlarının əsas hissəsi Türkiyə, Gürcüstan, Ermənistan və Iran ərazisindən keçərək Azərbaycana daxil olur. Ölkə ərazisinin 3/4 hissəsi ölkənin ən böyük su arteriyası olan Kür çayı hövzəsinin aşağı relyefində yerləşdiyindən, çayın qonşu dövlətlərin ərazilərində çirklənməsi ekoloji gərginlik yaradır. Sərhədlərarası su hövzələrinin problemlərinin regional səviyyədə beynəlxalq normalar çərçivəsində həlli üçün Azərbaycan "Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə" Helsinki Konvensiyasını ratifikasiya edib. Lakin Ermənistanın və Gürcüstanın bu konvensiyaya qoşulmaması problemin həllini daha da çətinləşdirir.

Məlumata görə, nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin tranzit çay axınları üzərində apardığı müşahidələr nəticəsində müəyyən edilib ki, daxil olan tranzit axınlarının çoxu bir sıra ağır fəsadlar törədə biləcək inqridientlərlə çirkləndirilir. Belə inqridientlər içərisində fenollar və mis birləşmələri xüsusi yer tutur. Hazırda Azərbaycanın bütün tranzit çayları yuxarı axarlarında güclü çirkləndirici təsirə məruz qalır. Bunu da çox təhlükəli ekoloji tendensiya kimi xarakterizə etmək olar.

Xəbər lenti

Xəbər lenti