...

Azərbaycanlı jurnalist iqtisadi inkişaf nazirindən Metyu Brayzaya verdiyi hədiyyənin açıqlanmasını tələb edir

Cəmiyyət Materials 5 Oktyabr 2007 12:47 (UTC +04:00)
Azərbaycanlı jurnalist iqtisadi inkişaf nazirindən Metyu Brayzaya verdiyi hədiyyənin açıqlanmasını tələb edir

Azərbaycan, Bakı / Trend müxbir K.Zarbalıyeva/ "Azadlıq" qəzetinin baş redaktoru iqtisadi inkişaf naziri Heydər Babayevin ATƏT-in Minsk qrupunun həmsədri Metyu Brayzanın toyuna verdiyi hədiyyənin açıqlanmasını tələb edir. Bu tələblə cümə günü Bakının Yasamal rayon məhkəməsində iqtisadi inkişaf naziri Babayevin "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə keçirilən prosesdə baş redaktorun vəkili Elçin Sadıqov çıxış edib. Vəkil bildirib ki, toydan əvvəl Metyu Brayza və Zeyno Baran açıqlama verərək toya hədiyyə vermək istəyənlərin Türkəyədəki xeyriyyə fonduna pul keçirmələrini bəyan ediblər. Sadıqlı qeyd edib ki, Babayev ictimai fiqurdur və onun hərəkətləri cəmiyyətdə ictimai müzakirələrə səbəb olmalıdır. Vəkil həmçinin bildirib ki, "Azadlıq" qəzetinin 29 avqust tarixli sayında dərc olunmuş "Metyu Brayzanın toy xərclərini azərbaycanlılar çəkib" başlıqlı yazı Babayevin xətrinə dəyib və qəzet yazıya nazirin cavabını qəzetdə işıqlandırmağa hazırdır. Nazirin vəkili Anar Əliyev çıxışında bildirib ki, Brayzanın toy mərasiminə digər ölkələrdən olduğu kimi, Azərbaycandan da rəsmi şəxslər qonaq kimi dəvət olunublar. Brayzanın toy məclisinin Babayev tərəfindən ödənilməsi və ya toya hər hansı köməklik göstərilməsi barədə məlumatlar yanlışdır. Əliyev bu məsələnin siyasiləşdirilməsinə etiraz edib və iddianın təmin olunmasını məhkəmədən xahiş edib. Nazir Babayev baş redaktor Zahidi və məqələ müəllifi Adil Xəlili təhqir və böhtan cinayətlərində suçlayaraq onların cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Həmçinin məqalədə yer alan məlumatların yalan hesab edilməsini və qəzetin təkzib verməsini tələb edir. Prosesə sədrlik edən hakim Svetlana Əhmədova məhkəmə təhqiqatının yekunlaşdığını və iş üzrə yekun qərarın oktyabrın 8-də elan olunacağını bildirib.

Xəbər lenti

Xəbər lenti