...

Nazpəri Dostəliyeva məcburi köçkünləri sevindirdi

Cəmiyyət Materials 7 Oktyabr 2007 18:45 (UTC +04:00)
Nazpəri Dostəliyeva məcburi köçkünləri sevindirdi

Azərbaycan, İmişli, 7 oktyabr /müx. TrendLife Şahin Cavadsoy/ Əməkdar artist Nazpəri Dostəliyevanın İmişlidə məskunlaşmış qaçqın və məcburi köçkünlərin görüşünə gedəcəyi barədə məlumatı ilk olaraq məhz biz TrendLife olaraq diqqətinizə çatdırmışdıq. Xəbəri bizim üçün təsdiqləyən müğənninin mətbuat katibi Cavanşir Babəlioğlu vurğulamışdı ki, xanım Dostəliyeva ancaq aparacağı sovqatla məcburi köçkünlərə baş çəkəcək. Lakin həmin gün dəqiqliyi ilə öyrəndik ki, müğənni son məqamda fikrini dəyişib və qaçqın soydaşlarımızın qarşısına böyük konsert proqramıyla çıxış etmək qərarına gəlib.

Verilən vədə yetişdiyindən, 6 oktyabr tarixində İmişliyə gedəcək media mənsubları və Nazpəri xanımın rəhbəri olduğu "Səda" instrumental ansamblının üzvləri, habelə tədbirə aparıcılıq edəcək tanınmış aparıcı-DJ Murad Arif saat 09.30 radələrində "Funikulyor"un qarşısında cəm oldular. Burada bizi gözləyən avobusda yerlərimizi rahatlayıb, görüşümüzü səbirsizliklə gözləyən qayğıya ehityacları olan soydaşlarımızın məskunlaşdığı məkana çatmaq üçün yola düşdük. Sabirabad rayonuna çatanda biraz dincələmək üçün avtobus istirahət mərkəzlərinin birində saxlamalı oldu. Elə bilirdik ki, Nazpəri xanım da şəxsi maşınıyla bizi müşaiyət edir. Ancaq olduğumuz məkanda olan televizorun ekranında onun "Space TV"-nın canlı yayımında çıxış etdiyinin şahidi olduq. Buna aydınlıq gətirən əməkdar artistin mətbuat katibi Cavanşir Babəlioğlu bildirdi ki, "Müəllimlər Günü"nə həsr olunmuş tədbirlə əlaqədər Nazpəri xanım da canlı yayımda olan müğənnilərə qoşulmalı oldu. Beləcə yenidən yolumuza davam edib, təxminən 14.50-də İmişlidəki restoranların birinə çatdıq. Deyim ki, "Space"in "Bazar", "İctimai"nin "Muzz ekspress", "Lider"in "Vur-çatlasın", "APA" İnformasiya Agentliyinin, "AzTV"-nin "TV plyus" və "ATV Maqazin" jurnallarının müxbir -operator-fotoqrafları Nazpəri xanımın bu səfərini işıqlandırmaqdan ötrü bütün günlərini məhz bu səfərə həsr etmişdilər. Sözsüz ki, ən çox işgüzarlıq yenə Trend in fotoqrafı Eminin zəhmətində öz əksini tapırdı. Burada nahar etdikdən sonra, birbaşa məcburi köçkünlərin məskulaşdığı "Fin qəsəbələri"nə üz tutduq. Rayon mərkəzindən elə də uzaqda olmayan "Yeni Bəhrəntəpə" adlı bu ərazidə iki qəsəbə mövcuddur. Qəsəbədə məktəb, tibb məntələri fəaliyyət göstərir. Bizi gətirən avtobus qəsəbənin heyətində dayananda gözlərimizə inanmadıq. Adama elə gəlirdi ki, bütün İmişli əhli Nazpəri xanımın görüşünə gəlmək üçün burada izdaham yaradıb. Birtəhər camaat arasına girib onlarla həmsöhbət olmağa başlayırıq. Bizə birinci danışan Dövlət Qaçqınkomun İmişli Rayon üzrə baş məsləhətçisi Aslan Əbdüləzimov oldu: "İmişlidə ümumilikdə 3700 ailə -13200 məcburi köçkün yaşıyır. Ancaq bu "fin qəsəbələri"ndə 1100 ailədə 4500 məcburi köçkün yaşayır. Onların böyük əksəriyyəti Cəbrayıl, Füzuli, Ağdam və digər işğal olunmuş rayonlardan qaçqın düşmüş insanlardır. İki "fin qəsəbəsi" var. Ətrafda kərpic evlər də var. Dövlət proqramına əsasən bu "fin qəsəbələri"ndə yaşayan insanlar da yaxın müddətdə yeni tikilmiş qəsəbələrə köçürüləcəklər. Rayon İcra Hakimiyyətinin başçısı Əbülfəz Ağayev və eləcə Dövlət Qaçqınkomun rəhbərliyi bu insanlara həmişə diqqət göstərirlər".

Taleyinə məcburi köçkün olmaları yazılan yaşlı insanlar - Şamo İsmayılov, Gülarə Cəfərova, Durna İsmayılova, Bənövşə Qafarova və Qarı Ağayevanın bizi görcək elə bil dərdləri təzələndi. Problemlərini söyləyən bu insanların ümumi danışdıqlarından belə nəticəyə gəldik ki, onların hamısı yenidən öz torpaqlarına qayıtmaq arzusundadırlar. Dördüncü sinif şagirdi Gülnar Cəbiyevaya bir dəfə də olsun görmədiyi vətənindən yanğıyla danışanda isə bütün müxbirlərin gözləri doldu...

Saatın əqrəbləri 15.45-ni göstərir. Eşidirik ki, Nazpəri Dostəliyeva da "fin qəsəbəsi"nə gəlib çıxıb. Tibb məntəqəsində jurnalistlərin suallarını ayaqüstü cavablandıran əməkdar artist, konsert öncəsi fikirlərini belə bölüşdü: "Tam səmimiyyətimlə söyləyirəm ki, media mənsublarının mənimlə gəlişini özüm planlaşdırmamışdım. Sadəcə artıq xəbərin bütün şəhərə səs salması səbəbindən sizlərin də İmişliyə gəlməyinə şərait yaradıldı. Həm də bu addımınızı digər tərəfdən çox alqışlayıram. Çünki, siz KİV nümayəndələri burada yaşayan insanların da vəziyyətini öz gözlərinizlə gördünüz və yəqin bu təəssüratlarınızı oxucularınız və tamaşaçılarınızla paylaşacaqsınız. İstəyirəm ki, digər həmkarlarım belə bir səfərləri həyata keçirməkdə maraqlı olsunlar. Qoy gəlib onlar da mənim kimi belə konsertlər düzənləyib, məcburi köçkünlərimizin sevinmələrinə rəvac versinlər" .

Budur nəhayət ki, konsertə aparıcılıq edən Murad Arif səhnədə görünür və sadə təqdimatla hər kəsin intizarına son qoyub, Nazpəri xanımı pərəstişkarları önünə dəvət edir. Səhnəyə çıxdığı andan publikanı ələ alan müğənni, biri-birinin ardınca sevilən mahnılarını tamaşaçıları üçün canlı səsləndirməyə başlayır. Təxminən yarımsaatdan sonra müğənni sevənlərinə üzünü tutub, proqrama büs-bütün dəyişiklik etdiyini söyləyir. Yəni, imkan yaratdı ki, pərəstişkarları hansı mahnını istəyirlərsə, yazılı şəkildə müğənniyə sifariş edə bilərlər. Əvvəldən müsahib olduğum ağsaqqal Şamo dayının səhnəyə çıxması da yaddaqalan hadisələrdən biri oldu. Müğənnini Koroğlunun Nigarı, Nəbinin Həcəri ilə müqayisə edən ağsaqqal, abır-həyalı olmasını önə çəkib, Nazpəriyə yeni bir titul da verdi: "Həyalı Ulduz".

Bu konsert dava-dalaşsız, ötüşdü desək, düzgün alınmazdı. Düzdür bilirik ki, paytaxt konsertlərindən fərqli olaraq, əyalətdəki publika müğənniyə nə daş atır, nə də söyüb-təhqir etməkdə maraqlı olur. Onların bir dərdi olur, şəkil çəkdirib, avtoqraf götürmək. Nazpərini canlı görüb dəlicəsinə sevinən gənc fanatlar da bu ampluadan çıxış edib ara-bir polislə söz güləşdirirdilər. İmişli polisi bəzən onların arzularını yerinə yetirmək əvəzinə qol gücündən istifadə edirdi. Bu mənzərələrin hər birindən xəbərsiz olan N.Dostəliyeva isə var gücünü səfərbər edib, konsertinə davam deyirdi. O hətta səhnədən enib, tamaşaçılarıyla canlı ünsiyyətdən imtina etmədi. Beləcə iki saat davam edən konsert, tamaşaçıların istəyindən asılı olmayaraq sona çatdı.

Konsert sonrası isə müğənninin brifinqi məktəbin yerləşdiyi sinif otağında baş tutdu. TrendLife-a ürək sözlərini deyən Nazpəri xanım bunları dedi: "Təbii ki, sevincimin həddi-hüdudu yoxdur. Vallah söz verirəm ki, yaxın vaxtlarda bir daha yolu İmişlidən salacam. Amma bir şeydən tam əminəm ki, çox qısa zamanda ölkə başçısı İlham Əliyevin yürütdüyü siyasət bizi yenidən işğal altında olan torpaqlarımıza qovuşduracaq. Nəinki mən bütün xalqımız buna inanır".

Bu açıqlamasından sonra müğənni gətirmiş olduğu ərzaq məhsullarını səlahiyyətli nümayəndələrə təqdim etdi. Amma məcburi köçkünlər, ərzaqdan çox, Nazpəri Dostəliyevanın albom və diskləri üzərində bir-biriləriylə yarışdılar. Amma bu dəfə disklərdən çoxu qaçqınlardan çox, polislərə qismət oldu.

Yenidən avtobusa minib, Bakıya yol alırıq. Yolda eşitdiyimiz bir xəbərin Nazpəri xanımın da qulağına çatdığını bilib, onun xeyli bikef olduğunu da dəqiqləşdiririk. Xəbər isə bacısı Zeynəb Dostəliyevanın "ATV"nin "Xalq Parad" verilişinin qonağı olub, əməkdar artistin ünvanına bəzi xoşagəlməz ifadələr işlətməsi idi. Yenə Cavanşir bizə bu haqda məlumat verdi : "Nazpəri xanım dedi ki, bacısı xəstədir. ATV kanalına da yaxşı iş görməyib bacısını efirə çıxarmaqla. Ümumiyyətlə Nazpəri xanım ATV adlı telekanal tanınmır".

Əminik ki, Nazpəri xanım da bu xəbəri bizim kimi ciddiyə almayıb, kefinə soğan doğramayacaq. Ən azı o böyük bir iş görüb, Ramazan ayının mübarək günlərində minlərlə məcburi köçkünün sevinməsində əsas səbəbkar rolunu oynadı.

Xəbər lenti

Xəbər lenti