...

DİN-in sabiq əməliyyat müvəkkilinin məhkəməsində dəstə üzvləri ifadə verir

Cəmiyyət Materials 19 Oktyabr 2007 14:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K. Zərbalıyeva/ Daxi İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin həbsdə olan sabiq əməliyyat müvəkkili Hacı Məmmədov və onun başçılıq etdiyi dəstənin üzvlərinin apellyasiya şikayəti üzrə proses, təqsirləndirilənlərin ifadələri və vəkillərin çıxışları ilə, davam etdirilib.

Bakı Apellyasiya Məhkəməsində keçirilən bugünkü prosesdə dəstə başçısı Hacı Məmmədov və təqsirləndirilən digər 22 nəfər şəxs iştirak edib.

Çoxsaylı qətllərdə, adam oğurluqlarında ittiham olunan dəstənin başçısı Hacı Məmmədov, məhkəmənin hökmü ilə, əmlakı müsadirə olunmaqla, ömürlük həbs cəzasına məhkum edilib.

Dəstə üzvü Fərhad Məmmədbəyov (əmlakı müsadirə olunmaqla), Eldar Rəhimov (əmlakı müsadirə olunmaqla), Malik Məmmədov (əmlakı müsadirə olunmaqla), Husain Abdulvahabov, Zakir Nəsirov (əmlakı müsadirə olunmaqla), Kamil Sədrəddinov (əmlakı müsadirə olunmaqla), Musa Dabuyev, Aslanbek Çintamirov, Yagir Məmmədov ömürlük həbs cəzasına məhkum ediliblər. Digər təqsirləndirilən şəxslər-- Nizami Abdullayev (əmlakı müsadirə olunmaqla), Sidek Abdulvahabov, Rövşən Ağayev 15, Nailə Quliyeva (əmlakı müsadirə olunmaqla) 13, Ədalət Əsədullayev, Novruz Nuriyev 12, Əliqulu Quliyev, Nişad İsmayılov (əmlakı müsadirə olunmaqla) 10, Faiq Quliyev, Elçin Əliyev (əmlakı müsadirə olunmaqla) 9, Mehman Həsənov, Fariz Həmidov və Elşən Mirzəyev isə, 8 il azadlıqdan məhrum ediliblər. Aqil Hüseynov və Azər Əliyevə 2 il şərti iş verilib.İbrahim Bağırov isə, dövlətə vurduğu ziyanı ödədiyi üçün, barəsindəki cinayət işinə xitam verilib

Trend in məlumatına görə, dəstə üzvü, Hacı Məmmədovun əmisi oğlu Fərhad Məmmədbəyovun vəkili Vaqif Niftullayev çıxışında hüquqlarını müdafiə etdiyi şəxsə verilən cəzanın həddən artıq ağır olduğunu bildirib. Vəkil deyib ki, birinci məhkəmə instansiyasında aparılan məhkəmə istintaqı zamanı Məmmədbəyovun ittiham olunduğu 14 epizodun əksəriyyəti sübuta yetirilməyib. Vəkil, Məmmədbəyovun cinayət əməlinin adam oğurluğu, qəsdən adamöldürmə kimi deyil, bu cinayətləri bilib xəbər verməmə kimi tövsif olunmasını məhkəmədən xahiş edib.

Təqsirləndirilən Məmmədbəyov isə, ifadəsində bildirib ki, o, Hacı Məmmədovun sürücüsü olub. İttiham olunduğu cinayətlərin bəziləri barədə əvvəldən məlumatı olsa da, böyük əksəriyyətindən sonradan xəbər tutub. Məmmədbəyovun sözlərinə görə, DİN Narkotiklərlə Mübarizə Baş İdarəsinin şöbə rəisi Azər İsmayılovun qətli epizodunda iştirakı, Hacı Məmmədovu dəstə üzvü Nailə Quliyevanın NZS qəsəbəsindəki evinə gətirməkdən ibarət olub. Zeynalabdin Babayev və Oktay Babayevin oğurlanması epizodunda iştirakı isə, həmin şəxslərin saxlandığı evdə onlara qulluq etməkdən ibarət olub. Bu cinayətlərin hər birində iştirakına görə, dəstə başçısı ona 10 min dollar verib.

Məcid Məmmədovun oğurlanması cinayətində isə, Hacı Məmmədovla, pulun alınmasında iştirak edib. Bu cinayətdə iştirakına görə isə, ona 50 min dollar çatıb.

İbtidai istintaqın qərəzli, qeyri-obyektiv aparıldığını deyən Məmmədbəyov istintaqdakı ifadələrini təsdiqləməyib.

Dəstə üzvü Fariz Məmmədov Hacı Məmmədovu tanımadığını, dəstə üzvü Aslanbek Çintamirov vasitəsilə Hüsain Abdulvahabovu tanıdığını, sonradan onun kriminal biri olduğunu bilib, ondan ayrıldığını deyib.

Ona elan olunmuş ittihamlarda özünü təqsirli bilməyərək, məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

DİN Narkotiklərlə Mübarizə Baş İdarəsinin şöbə rəisi Azər İsmayılovun qətlində iştirakına görə məsuliyyətə cəlb olunmuş Saray qəsəbə sakini Əliqulu Quliyev bildirib ki, Hacı Məmmədov Abşeron Rayon polis İdarəsində rəis müavini işlədiyi vaxtdan onu tanıyıb. Məmmədov ondan Azər İsmayılovla danışıb, onları görüşdürməyi xahiş edib. Hacı Məmmədovun bu xahişindən sonra o, İsmayılovla görüşüb və onu Məmmədovun Saraydakı bağ evinə dəvət edib. "Azər İsmayılov evə girəndən sonra mən ordan çıxmışam. Hacı səhəri gün mənə dedi ki, Azəri öldürmüşəm, lal ol. Hacının məni öldürəcəyindən qorxub, bu barədə hökumətə məlumat vermədim"-deyə Quliyev bildirib.

Proses günün ikinci yarısında, digər təqsirləndirilənlərin ifadələri ilə davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti