Azərbaycan, Bakı, 15 noyabr / TrendLife müx. Günel Əhmədova/
Plastik əməliyyatdan sonra bir həftə ev şəraitində dincələn əməkdar artist Aygün Kazımova səhnəyə çıxmasa da, KİV-lə əməkdaşlığına son qoymayıb. Müğənninin TrendLife-a bildirdiyinə görə, iki gün öncəyə kimi ağrılar hiss edib, indi isə özünü gümrah hiss edir.
Müğənnidən xarici görünüşündə nə kimi dəyişikliklərin olduğunu xəbər aldıqda bildirdi ki, onun iki qabırğasını çıxarıblar. Bunu səhnə və fanatları üçün etdiyini diqqətə çatdıran müğənni dedi ki, əməliyyatın heç bir fasadları olmayıb. Müğənni bildirdi ki, həkimi Nekrasovla telefon əlaqəsindən sonra onun icazəsi ilə səhnəyə çıxıb, fanatları ilə ünsiyyət yaradacaq.
Söhbət zamanı müğənni dedi ki, əslində onun əməliyyatı barədə qızının əvvəlcədən xəbəri olmayıb. İnformasiyanın mətbuat səhifələrində geniş yazıldığına baxmayaraq, İlqarənin bu barədə bilgi alması mümkün olmayıb. Müğənni hesab edir ki, əks təqdirdə qızı Namiqlə əlbir olub onun cərrahiyyə əməliyyatına mane ola bilərdi:
"Bilirsiniz ki, Namiq Qaraçuxurlu mənim plastik əməliyyat keçirməyimə razı deyildi. Səfərdən öncə bizim bu barədə mübahisəmiz olmuşdu. Bu mübahisəni qızımla da etmək istəmirdim. Əməliyyat qurtarandan sonra xəbəri ona çatdırdım. Artıq gec olduğu üçün heç nə demədi".