...

Azərbaycan mətbuatının inkişafı sahəsində bəzi problemlər hələ də mövcuddur - Azərbaycan prezidenti

Cəmiyyət Materials 19 Noyabr 2007 16:05 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/Azərbaycan mətbuatının inkişaf sahəsində bəzi problemlər hələ də mövcuddur. Bu barədə Azərbaycan prezidenti İlham Əliyevin bazar ertəsi Bakıda öz işinə başlayan "Azərbaycanda söz və mətbuat azadlığı yerli və beynəlxalq qanunlar konteksində" mövzusunda keçirilən beynəlxalq konfrans iştirakçılarına göndərdiyi təbrik məktubunda bildirilib. Məktubu Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov oxuyub.

Bazar ertəsi Bakıda "Azərbaycanda söz və mətbuat azadlığı yerli və beynəlxalq qanunlar konteksində" mövzusunda ikigünlük beynəlxalq konfrans işə başlayıb. Konfransda Azərbaycan rəsmiləri, mətbuat təşkilatlarının rəhbərləri, ictimaiyyətin təmsilçiləri və 20-dən artıq ölkədən 160-a yaxın nümayəndə iştirak edir. Tədbirdə Azərbaycan mətbuatının vəziyyəti, problemlər müzakirə olunur.

Prezidentin məktubunda qeyd olunub ki, Azərbaycanda mətbuatla cəmiyyət arasında münasibətlərin tənzimlənməsi, mətbuatın özünütənzimləmə mexanizminin təmin edilməsi, iqtisadi və maliyyə vəziyyətinin yaxşılaşdırılması istiqamətində çoxsaylı tədbirlər həyata keçirilib. Milli mətbuatın 130 illiyi dövlət səviyyəsində qeyd olunub, Mətbuat Şurası və İctimai Televiziya və Radio Yayımları Şirkəti yaradılıb.

"Bütün bunlar Azərbaycanda mətbuatı gücləndirib və onların ictimai həyatdakı rolunu artırıb. Eyni zamanda, Azərbaycan mətbuatının inkişafı sahəsində bəzi problemlər hələ də mövcuddur. Cəmiyyətdə sağlam tənqidə dözümlü münasibətin yaradılması, mətbuatın maddi-texniki bazasının və peşəkarlığının yüksəldilməsi, jurnalistlərin etik normalara əməl etməsi vərdişlərinin gücləndirilməsi həm dövlət, həm də jurnalist təşkilatlarının qarşısında mühüm vəzifələr qoyur" - deyə prezidentin məktubunda qeyd olunub.

Prezident hesab edir ki, demokratik cəmiyyətin inkişafına xidmət edən müstəqil mətbuatın formalaşdırılması və inkişafı bu işə bütün aidiyyatı qurumların xüsusi və məsuliyyətli yanaşmasını tələb edir.

Xəbər lenti

Xəbər lenti