...

Xalq artisti Rafiq Əzimov: "Məgər biz səhnəyə gələndə maşınımız, evimiz var idi?"

Cəmiyyət Materials 26 Noyabr 2007 12:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr /müx. TrendLife Laləndə İsmayılova/

Xalq artisti Rafiq Əzimov gənc aktyorların əyalət teatrlarına getməkdən imtina etməsini onların özlərinə əziyyət verməmələri ilə izah etdi: "Bir çoxları belə hesab edir ki, güya gənclər bölgə teatrlarına maddi problemlər üzündən getmirlər. Boş söhbətlərdir. Bu sənətə barmaqarası yanaşan aktyorların fikridir. Peşənin fanatı heç vaxt belə bəhanələri əsas gətirməz. Güya ki, biz səhnəyə gələndə evimiz, bağımız, maşınımız var idi? Bizim də çətinliklərimiz olub. Kirayədə qalmışıq. Sonradan yavaş-yavaş alın təriylə hər şeyə nail olduq. Bu həm əyalət, həm də paytaxt teatrlarında çalışan aktyorlara aiddir".

R. Əzimov məvacibin azlığını əsas gətirənlərlə də razı olmadığını deyir. Qeyd edir ki, hər kəs sənətə yeni gələndə az məvacib alır. Getdikcə püxtələşir, mükafatlara da layiq görülür, fəxri adlara da. Gənc aktyor bütün bunlara birdən-birə nail ola bilməz axı? Onun dediyinə görə, Akademik Milli Dram Teatrında da gənc aktyorlar çalışır, amma heç vaxt maddi çətinliyə görə peşələrindən ayrılmırlar. R.Əzimovun qənaətinə görə, əyalət teatrlarından qaçan gəncləri paytaxt teatrlarına cəlb edən maddi həvəsdir. Çünki onlara elə gəlir ki, paytaxt teatrlarında işləsələr, filmlərə dəvət alacaq, reklam roliklərinə çəkiləcək, birdən-birə fəxri ada da layiq görüləcəklər.

Xəbər lenti

Xəbər lenti