Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbaliyeva/ Noyabrın 22-dən aclığa başlayan jurnalistlər cümə günü günorta saatlarında aclığı dayandırıblar.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend ə bildirilib ki, məhkum jurnalistlər Mirzə Sakit və Fərəməz Novruzoğlu həbsxana rəhbərliyinin onlarla apardığı danışıqlardan sonra aclığı dayandırıb. Şöbədən onların səhhətləri ilə bağlı problem olmadığını bildiriblər.
Onlar Azərbaycanda mətbuata təzyiqlərə son qoyulması tələbi ilə başladıqları aksiyada saxlandıqları 14 saylı cəzaçəkmə müəssisəsində saxlanma şəraitinin yaxşılaşdırılması, müəssisədə hüquq-mühafizə orqanları rəhbərlərinin, hüquq müdafiəçilərinin və KİV nümayəndələrinin iştirakı ilə monitorinq keçirilməsi tələblərini də irəli sürüblər.
Sakit məhkəmənin hökmü ilə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama cinayətində təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib.
Novruzoğlu (Allahverdiyev) böhtan və təhqir cinayətlərində təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.