...

"Ömürlük"lərin ali təhsil almaq imkanı olacaq - nazir müavini(video)

Cəmiyyət Materials 6 Dekabr 2007 12:35 (UTC +04:00)
"Ömürlük"lərin ali təhsil almaq imkanı olacaq - nazir müavini(video)

Azərbaycan, Bakı Trend müxbir K.Zərbalıyeva/ Ömürlük azadlıqdan məhrum edilmiş məhkumların yaxın gələcəkdə ali təhsil almaq imkanı olacaq. Bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov məlumat verib.

Nazir müavini bildirib ki, ömürlük azadlıqdan məhrum edilmiş məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması ilə bağlı yeni qanun layihəsi hazırlanıb.

Layihədə bu qəbildən olan məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması ilə bağlı dəyişikliklər nəzərdə tutulub. Ələkbərov bildirib ki, yeni sənəddə "ömürlüklər"in işlə təmin olunması, ali təhsil alması, günlərinin əksər hissəsini kamerada keçirməmələri, ailələri ilə görüşlərin sayının artırılması nəzərdə tutulub. Yeni qanun məhkumların televiziya verlişlərini izləmək üçün kameralarında televizorların qoyulmasına da icazə verəcək.

Ali təhsil almaq istəyən ömürlük azadlıqdan məhrum edilmiş məhkumlara müəllimləri ilə görüşlərin sayına məhdudiyyət qoyulmayacaq.

Nəzərdə tutulan dəyişikliklərdən biri də "ömürlük"lərin yazışmalarında senzuraların aradan qaldırılmasıdır.

Nazir müavini qeyd edib ki, qanun layihəsi Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsində ekspertizadadır. Layihə ekspertiza rəyi alandan sonra qəbul olunmaq üçün Milli Məclisə təqdim olunacaq.

İdarə rəisi bildirib ki, hazırda inşasına başlanılmış yeni həbsxana istifadəyə veriləndən sonra ömürlük azadlıqdan məhrum edilmiş məhkumların saxlanma şəraitləri ilə bağlı problemlərinin əksəriyyəti həll olunacaq. Yeni həbsxanada məhkumların işləməsi, onların günün istənilən vaxtında açıq havada gəzintiyə çıxması üçün şərait yaradılacaq. Yeni həbsxananın tikintisi zamanı Türkiyə, Finlandiya və Estoniyanın həbsxanalarındakı model tətbiq olunacaq.

Azərbaycanda 200-dən artıq ömürlük azadlıqdan məhrum edilmiş məhkum var. Onlar Qobustan həbsxanasında kamera reyimində saxlanılırlar. Onlara gün ərzində 1 saat açıq havada gəzintiyə icazə verilir.

Həbsxana Qobustan Dövlət Qoruğunun ərazisində yerləşdiyindən onun bu ərazidən köçürülməsinə qərar verilib. Qobustan həbsxanasının əvəzinə Bakı şəhərinə daha yaxın ərazidə, Umbakı qəsəbəsi yaxınlığında yeni həbsxananın inşasına başlanılıb. Yeni həbsxanada "ömürlüklər" üçün xüsusi korpus inşa olunacaq.

Xəbər lenti

Xəbər lenti