...

AŞPA-nın Alt Komitəsi Azərbaycanın Avropa Məhkəməsindəki hakiminin seçilməsi məsələsini müzakirə edəcək

Cəmiyyət Materials 15 Dekabr 2007 14:52 (UTC +04:00)
AŞPA-nın Alt Komitəsi Azərbaycanın Avropa Məhkəməsindəki hakiminin seçilməsi məsələsini müzakirə edəcək

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) İnsan hüquqları üzrə Avropa Məhkəməsinə hakimlərin seçilməsi üzrə Alt Komitəsi Azərbaycanın Avropa Məhkəməsindəki hakiminin seçilməsi məsələsini müzakirə edəcək.

"Prosedur qaydalara uyğun olaraq Azərbaycan hökuməti İnsan hüquqları üzrə Avropa Məhkəməsinə hakim təyin olunmaq üçün üç nəfərin namizədliyini irəli sürüb. Alt Komitənin iclasında hakimliyə namizədlərlə müsahibə aparılacaq, onlar komitə üzvləri tərəfindən verilən sualları cavablandıracaqlar. Sonra Alt Komitə namizədlərdən birini seçəcək və bununla bağlı qərar qəbul olunacaq" - deyə şənbə günü Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədr müavini, millət vəkili Gültəkin Hacıyeva bildirib.

AŞPA Azərbaycanın Məhkəmə-Hüquq Şurası tərəfindən Avropa Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülən 3 nəfərin daxil olduğu siyahını namizədlər hakimlər üçün nəzərdə tutulan tələblərə cavab vermədiyinə görə geri qaytarmışdı. Bunlar Azərbaycanın hazırda Avropa Məhkəməsindəki hakimi Xanlar Hacıyev, Ali Məhkəmənin hakimi Zakir Quliyev və Prezident Aparatının insan hüquqlarının müdafiəsi məsələləri sektorunun əməkdaşı Səadət Novruzova idi. İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının müddəalarına görə, hakimlər yüksək mənəvi keyfiyyətlərə malik olmalı və yüksək məhkəmə vəzifələrinə təyin olunarkən qoyulan tələblərə cavab verməli və ya tanınmış nüfuzlu hüquqşünaslar olmalıdırlar.

Azərbaycan hökuməti yeni namizədlərin daxil olduğu siyahını Avropa Şurasına təqdim edib. Siyahıya Azərbaycanın Avropa Məhkəməsindəki hazırkı hakimi Xanlar Hacıyev, Əzizbəyov rayon Məhkəməsinin hakimi Rəşad Həsənov, Nəsimi rayon Məhkəməsinin hakimi Aygün Abdullayeva daxildir.

Avropa Məhkəməsinin hakimləri 6 il müddətinə seçilirlər. İlk dəfə seçilən hakimlərdə isə bu müddət aşağı olur. Hakimlər 70 yaşa çatdıqda onların səlahiyyət müddəti bitir.

Hacıyeva qeyd edib ki, Azərbaycanın Avropa Məhkəməsindəki hakiminin seçilməsi məsələsinə AŞPA-nın sessiyasında baxılacaq: "Alt Komitənin seçdiyi namizəd hakim vəzifəsinə təyin olunması üçün AŞPA-ya təqdim olunacaq. Məsələ ilə bağlı son qərarı AŞPA deputatları qəbul edəcəklər".

AŞPA-nın İnsan hüquqları üzrə Avropa Məhkəməsinə hakimlərin seçilməsi üzrə Alt Komitəsinin iclası dekabrın 17-də Parisdə keçiriləcək. İclasda Azərbaycanı Gültəkin Hacıyeva təmsil edəcək.

İclasda Azərbaycanla yanaşı Latviya, Bolqarıstan, Türkiyə, Moldova və Sloveniyanın Avropa Məhkəməsindəki hakimlərinin seçilməsi məsələsi müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti