...

Müğənni Tünzalə Ağayeva siyasətə qoşulur?

Cəmiyyət Materials 21 Yanvar 2008 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar /müx. TrendLife Günel Əhmədova/

Söhbət gəzir ki, əməkdar artist Tünzalə Ağayeva fəaliyyətinin bir qolunu siyasətə yönəldəcək. İndidən kiçik müzakirələrə qoşulduğu deyilən Tünzalə xanımın ölkənin ictimai- siyasi və sosial məsələlərində aktiv iştirak etməyi qarşısına məqsəd qoyduğu deyilir. Şou-biznes nümayəndələrinin bu istiqamətdə yükünün ağır olmadığını nəzərə alıb, müğənni xanımın ideyasını dəstəkləməyə dəyər. Lakin TrendLife-ın müxbiri ilə söhbətində Tünzalə Ağayeva məsələnin bir az şişirdildiyi qənaətində olduğunu bildirib:

-Tünzalə Ağayeva özünü daha ciddi sahələrdə görür?

- Müzakirələrə, təbliğat kampaniyalarına həmişə qatılıram. Amma bu, siyasətə deyil, mədəniyyətimizin təbliğinə yönəlib. Yəqin söhbətlər də elə bundan qaynaqlanır. Bunun özü də bir siyasətdir. Son ayların proqramına nəzər yetirsək, dövlət tədbirlərinin, diasporların tədbirlərində aktiv iştirak etmişəm. Səfərlərdə olarkən, bəzi məsələlərə fikrimi bildirirəm, xarici sənətçilərə Azərbaycanla bağlı informasiyalar verirəm. Hazırladığım "Ölkəm" layihəsi də təbliğatın bir qolunu təşkil edir. Layihəni genişləndirmək istiqamətində çalışıram.

- Sənət adamının adının narkotika qəbulunda, qadın alverinə və bu kimi xoşagəlməz hadisələrdə hallandırıldığını nəzərə alsaq, onların ictimai , sosial məsəsələrə yaxın olduğunu söyləmək olar.

- Mən də belə düşünürəm. Ümumiyyətlə, bir ölkənin vətəndaşı kimi, qlobal məsələləri birgə həll etməliyik. Sənət adamları ictimaiyyətin bir təbəqəsidir. Eyni zamanda, onların sərhəddən kənara, efirə çıxmaq imkanları siyasətçilərdən heç də az deyil. Ölkədən kənarda mən Azərbaycanın siması sayılıram. Hər bir addımım və çıxışım onun keçmişindən və bu günündən xəbər verir. Bütün dünyada bəlaya çevrilən SPİD-in anti-təbliğində sənət adamlarının aktiv iştirakını xüsusi vurğulamaq istərdim. Əksər məhşur simalar belə aksiyalarda həmişə fəal iştirak ediblər, mən bu cür aksiyaları dəstəkləyirəm.

- Lakin onları belə aksiyalara daha çox maddiyat cəlb edir.

- Bunun önməmli tərəflərindən biri budur ki, məşhurların çoxsayda fanat ordusu var. Əgər müğənni məlum bəlaların əleyhinədirsə, bu, onun fanatına da müəyyən mənada təsiri göstərir.

Digər vacib məsələlərə gəlincə, mən özümü bütünlüklə siyasi və iqtisadi məsələlərin həllində görə bilmirəm. Ona görə ki, bu sahənin bilicisi deyiləm. Orada təbliğ olunmaqla yalnız insanların siyahısını genişləndirə bilərəm. Lakin bu istiqamətdə həyata keçirilən təbliğat kompaniyalarında həmişə mahnı payımla çıxış etməyə hazıram. Eyni zamanda, qeyd etmək istəyirəm ki, müharibə şəraitində yaşayan ölkənin bütün vətəndaşları hər hansı formada məsələlərə ögey yanaşmamalıdır. Xüsusilə, səfərlərdə aktiv olmalı, sənətimizə göstərilən təcavüzün qarşısını almaq üçün bilgi toplamalıyıq.

Xəbər lenti

Xəbər lenti