Azərbaycan, Xaçmaz, 22 yanvar / Trend , müxbir A.Qafarov/ Dağıstan Respublikasının Milli Siyasət, İnformasiya və Xarici Əlaqələr Nazirliyi hesab edir ki, Azərbaycanda milli azlıqların hüquqları qorunur. "Dağıstanda azərbaycanlıların hüquqları qorunduğu kimi, Azərbaycanda da milli azlıqların hüquqları lazımınca müdafiə edilir" çərşənbə axşamı Trend in bölgə müxbirinə Azərbaycanda səfərdə olan Dağıstan Respublikasının milli siyasət, informasiya və xarici əlaqələr nazirinin müavini Zəhrulla İlyasov bildirib.
Əhalini son siyahıya alma üzrə Azərbaycanın əsasən şimal və şimal-qərb rayonlarında (Qusar, Xaçmaz, Quba, Zaqatala, İsmayıllı, Qəbələ, Oğuz) 198 min ləzgi yaşayır. Onlar əsasən Qusar, Oğuz, İsmayıllı və Qəbələ rayonlarıda məskunlaşıblar.
İlyasov bildirib ki, Dağıstan və Azərbaycan xalqları arasında qardaşlıq münasibətləri var və bu sahədə hər hansı problem yaşana bilməz.
Bu gündən Dağıstan Parlamentinin deputat qrupu və Nazirlik nümayəndələri tanışlıq səfəri ilə Azərbaycana gəliblər. Dağıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəliyindən çərşənbə axşamı Trend ə verilən məlumata görə, səfər zamanı dağıstanlı qonaqlar Azərbaycandakı milli azlıqlar-ləzgilərin yaşayış şəraiti ilə tanış olacaqlar. Yanvarın 30-31-də isə Dağıstan Respublikasının prezidenti Muxu Əliyevin Azərbaycana səfəri gözlənilir.