...

Telekanallar hər yoldan ötəni aparıcı götürürlər -şoumen Azər Axşam

Cəmiyyət Materials 7 Fevral 2008 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 fevral /müx. TrendLife Cavid Osmanov/

Azərbaycan televizisiyası hazırda çətin dövr yaşayır. Telekanalların aparıcılarla bağlı öz tələbləri var. Etiraf etmək lazımdır ki, bu sahədə çox ciddi problemlər mövcuddur. Bəzi aparıcılar "Eurovision" sözünü belə düzgün tələffüz edə bilmirlər. TrendLife aparıcıların səviyyəsilə bağlı bu sahəyə aid şəxslərin fikirlərini öyrənib.

Azər Axşam: "Aparıcılarımızın səviyyəsini "3" qiymətləndirərdim. Buna açıqlama verməyə, məncə, ehtiyac yoxdur. Televizoru açıb, kanalı çevirən kimi artıq hər şey məlum olur. İş ondadır ki, telekanallarda xüsusi məsləhətçilər olmalıdır. Aparıcıların nitqinə, danışıq qabiliyyətinə, özlərini necə aparmalarına diqqət yetirilməlidir. Sovet dövründəki kimi, senzura olmalıdır. Televiziyada elə bir insan yoxdur ki, aparıcı hazırlasın. Düzdür, istedad Allah tərəfindən verilir, amma ona istiqaməti peşəkar verməlidir. İndi hər yoldan ötəni aparıcı kimi işə götürürlər".

Hüsniyyə Məhərrəmova: "Hər yerdə olduğu kimi, aparıcılar arasında da həm yaxşılar, həm də pislər var. Əlbəttə, yaxşı-pis dedikdə şəxsi keyfiyyətlər nəzərdə tutulmur. İnsanlar aparıcı ilə diktor arasındakı fərqi bilməlidirlər. Şəxsən mən həmişə istedadlı insanlarla həmkar olmuşam".

Kamran Həsənli: "İndi aparıcılar ən çox xırda qalmaqallara, yersiz davalara daha çox meyl göstərirlər. Düşünürlər ki, yaratdığı şoularda nə qədər çox qalmaqal olsa, o qədər də veriliş yüksək reytinq qazanacaq. Məhz buna görə də aparıcılara "3" verərdim. Gənc aparıcılara gəldikdə isə, onlar çox təcrübəsizdirlər. Bir azdan bilməyəcəksən televiziyada nəyə baxasan. Əhali birdəfəlik kabel kanalları ilə yayımlanan verilişlərə baxacaq".

Xəbər lenti

Xəbər lenti