...

AXCP sədrinin şikayəti ilə bağlı Ali Məhkəmənin qərarı qanunidir - Ali Məhkəmənin hakimi

Cəmiyyət Materials 18 Fevral 2008 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 18fevral / Trend , müxbir K.Zərbalıyeva/ Ali Məhkəmənin müxalifəti təmsil edən Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin kassasiya şikayəti ilə bağlı qəbul etdiyi qərar qanunvericiliyə uyğun qəbul edilib.

Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev bazar ertəsi jurnalistlərin sualına cavab olaraq bildirib ki, Əli Kərimli məhkəmə nəzarəti qaydasında cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq şikayət verə bilər.

2006-cı ildə köhnə pasportun müddəti bitdikdən sonra Kərimli yeni pasport almaq üçün DİN Pasport Qeydiyyatı İdarəsinə müraciət edəndə ona bildirilib ki, haqqında Nəsimi rayon prokurorluğunda 1994-cü ildə Cinayət Məcəlləsinin qanunsuz silah-sursat saxlama maddəsilə açılan cinayət işinə xitam verilmədiyindən ona pasport verilə bilməz.

Nəsimi rayon məhkəməsinin qərarından verilən apellyasiya şikayəti də təmin olunmayıb.

Ali Məhkəmə AXCP sədri ilə bağlı cinayət işinə mülki qaydada baxılmasına xitam verilməsi haqqında qərar qəbul edib.

Mirzəliyev bildirib ki, həmin şikayətə mülki mühakimə qaydasında baxılmalı olmadığından Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilib.

"Nəsimi rayon məhkəməsi bu işi mülki qaydada icraata qəbul etməməliydi. Bu, cinayət icraatına aid bir işdir" - deyə Mirzəliyev vurğulayıb.

Mirzəliyevin sözlərinə görə, Kərimliyə məhkəmə nəzarəti qaydasında cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq şikayət verə bilməsi izah olunub.

Partiya sədrinin vəkili Elçin Qəmbərov Ali Məhkəmənin qərarından narazı olduqlarını və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edəcəklərini deyib.

Vəkil deyib ki, cinayət-prosessual qanunvericiliyə görə, beş il müddətinə xitam verilməli olan bu cinayət işi 12 ildir açıq qalıb. Kərimli Nəsimi rayon məhkəməsinə müraciətində cinayət işinə xitam verilməsini tələb edib. Məhkəmə isə şikayəti təmin etməyib.

Elə bu səbəbdən də Kərimli pasport ala bilmir. Partiya sədrinin müavini Həsən Kərimov isə mətbuata açıqlamasında bunu siyasi məsələ kimi qiymətləndirib. "Bununla hakimiyyət 2008-ci il prezident seçkiləri ərəfəsində Əli Kərimlinin siyasi fəaliyyətinə əngəl törətmək məqsədi daşıyır" - deyə Kərimov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti