...

Müğənni Cavid Hüseyn keçmiş sponsoru tərəfindən şantaj olunur

Cəmiyyət Materials 3 Mart 2008 20:24 (UTC +04:00)

Azərbaycan, Bakı,03 mart /müx. TrendLife Türkan İmaməliyeva/

Müğənni Cavid Hüseynin şantaj olunması barədə məlumatlar yayılıb. Deyilənə görə, üç il bundan qabaq müğənniyə sponsorluq təklif edən bir şəxs onunla aralarında əslində, heç bir hüquqi əsası olmayan yüngül müqavilə bağlayıb. Həmin şəxs Cavidlə işbirliyinə başlayarkən altı ay müddətində müğənninin bütün layihələrinə , klip çəkilişlərinə sponsorluq edəcəyini bildirib. Beləliklə, ilk işbirliyi "Səndən ayrı" adlı kliplə başlayıb. Ancaq sponsor 6 ay müddətinə lazım olan maddi vəsaiti təmin etməyib. Çaşqın vəziyyətdə qalan müğənni yarımçıq layihələrini şəxsi vəsaiti hesabınabitirib. Üç il yarım ərzində də Hüseyn artıq Azərbaycan şou-biznesində özünə müəyyən qədər həm tamaşaçı auditoriyası toplaya bilib, həm də yaradıcılığı, ciddi sənəti ilə sözünü deməyə çalışıb. Təbii ki, bu dönəmdə Hüseynin maraqlı layihələri, çıxışları, qastrol səfərləri də reallaşıb. Elə bu vaxt da sponsorun yadına yarımçıq qalan layihə üçün ödədiyi məbləğ düşüb. Cavid Hüseyni yolun yarısında qoyan sponsor müğənninin bundan sonrakı yaradıcılıq işlərinə heç bir köməyi dəyməsə də, nədənsə ,ondan qazandığı məbləğin faizini tələb etmək eşqinə düşüb. Ona görə də üç ildən sonra Cavidə zəng vurub, ona hədə-qorxu gəlib ki, bəs vaxtilə sənə verdiyim pulları geri qaytar. Deyilənə görə, sponsor müğənnini şantaj edərək bildirib ki, iki ay ərzində deyilən məbləği geri qaytarmasa, onun başına oyun açacaq. Məsələyə aydınlıq gətirmək üçün Cavid Hüseynlə əlaqə saxladıq.

Müğənni bunları söylədi: "Üç il yarım bundan qabaq Azərbaycanda işləyən bir İran vətəndaşı mənə sponsorluq təklif etdi. Bildirdi ki, altı ay ərzində layihələrinin sponsorluğunu üzərinə götürür. Aramızda müqavilə də imzalandı. Həmin sponsor müəyyən vəsaiti verdi də. Ancaq çox cüzi şəkildə. Həm də cəmi iki ay müddətində onun sponsorluğunu gördüm. Ondan sonra həmin şəxs tərəfindən mənə layihələrim üçün bir qəpik də pul verilməyib. Bir sözlə, altı ay müddətinə razılıq əldə etsək də, cəmi iki aydan sonra sponsordan kömək görməmişəm. O gündən bütün layihələrim, kliplərim üçün pulu şəxsi vəsaitimdən xərcləmişəm. Üç ildən sonra isə, həmin şəxs mənə zəng vurub hədə-qorxu gələrək bildirdi ki, verdiyi məbləği qaytarmasam, mənimlə başqa cür danışacaq. Məni təhdid etdi. Bir də ki, onun dediyi məbləğ mənə verilməyib. Bundan başqa heç bir söz demək istəmirəm. Sadəcə, ailəmin və mənim başıma hər hansı bir hadisə gəlsə, çox güman ki, günahkar həmin insan olacaq".

Xəbər lenti

Xəbər lenti