Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir K.Zərbalıyeva/ Gəncə şəhərində yeni cəzaçəkmə müəssisəsi inşa olunacaq.
Trend un məlumatına görə, bu barədə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov jurnalistlərə açıqlamasında bildirib ki, müəssisə üçün torpaq sahəsinin ayrılması ilə bağlı Gəncə şəhər icra hakimiyyəti ilə danışıqlar aparılır.
Nazir müavini bildirib ki, müəssisənin layihə-smeta sənədləri hazırlanarkən Avropa Şurasının ekspertləri ilə məsləhətləşmələr aparılacaq və Avropa standartları nəzərə alınacaq.
Ələkbərov bildirib ki, Gəncədə yerləşən 2 saylı İstintaq Təcridxanası 1910-cu ildə inşa olunduğundan, orada təqsirləndirilən şəxslərin saxlanması üçün əlverişli şərait yoxdur. Təcridxananın yerləşdiyi bina kohnə olduğundan, orada saxlanma şəraitinin Avropa standartlarına uyğunlaşdırılması qeyri-mümkündür.
Xidmətin rəisi qeyd edib ki, Naxçıvanda inşası başa çatmış qarışıq tipli cəzaçəkmə müəssisəsi bu il istifadəyə veriləcək.
Lənkəran və Şəkidə inşa olunan qarışıq tipli cəzaçəkmə müəssisələri isə gələn il istifadəyə veriləcək. Bu müəssisələrin ərazisində qadın və yetkinlik yaşına çatmayan məhkumların saxlanılması üçün kameralar, istintaq təcridxanalrı da inşa olunacaq.