...

Siyasi məhbuslar üzrə məruzəçi məsələsi Azərbaycanla Avropa Şurasının münasibətlərini gərginləşdirməyə xidmət edir

Cəmiyyət Materials 30 Mart 2008 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart / Trend ", müxbir S.İlhamqızı/ Daxili və beynəlxalq qüvvələrin Azərbaycanda insan haqları problemindən istifadə edərək ölkənin imicinə kölgə salması yolverilməzdir. Trend in məlumatına görə, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bazar günü jurnalistlərə açıqlamasında bildirib.

Azərbaycanın müxalifət partiyaları və hüquq müdafiə təşkilatları Avropa Şurasının Azərbaycana siyasi məhbuslar üzrə məruzəçi təyin etməsini tələb edirlər.

Seyidov bildirib ki, bu tələb Azərbaycanla Avropa Şurası arasında münasibətlərin pisləşməsinə xidmət edir. Onun fikrincə, əgər AŞ Azərbaycanda siyasi məhbus üzrə məruzəçi təyin edərsə, bu, Azərbaycanla Avropa Şurası arasında münasibətləri gərginləşdirəcək. "Heç kəs Azərbaycanda insan haqları ilə bağlı problem olduğunu inkar etmir. Lakin Avropa Şurasının bu vəziyyətdən istifadə edərək Azərbaycanı tənqid etməsi, bizdə jurnalistlərin hüquqlarının pozulduğunu bəyan etməsi, lakin Ermənistanda isə bütün azad mətbuatın bağlı olduğunu görməməzliyə vurması, AŞ-nın ikili standartlarını göstərir. Necə olur ki, Azərbaycanda siyasi məhbusların olduğu iddia edilir, lakin Ermənistanda nümayişlərdə iştirak etdiyinə görə həbsə atılmış onlarla insan siyasi məhbus sayılmır" - deyə Seyidov bildirib.

Seyidov bildirib ki, Azərbaycanda siyasi məhbuslar yoxdur. O əlavə edib ki, Azərbaycan beynəlxalq tçşkilatların tənqidlərin cavab verməyə hazırdır. Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti insan haqları ilə bağlı problemlərin həlli istiqamətində işlər görür. "Ona görə də Azərbaycanda insan haqlarının vəziyyəti ilə əlaqədar AŞ tərəfindən sanksiyaların tətbiq olunacağı, siyasi məhbuslar üzrə məruzəçi təyin ediləcəyi barədə iddialar düzgün deyil" - deyə Seyidov bildirib.

Xəbər lenti

Xəbər lenti